- “Baş nazirin bəyanatı daha çox daxili siyasi manevr xarakteri daşıyır”
- “Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir”
Ermənistanın Baş naziri Nikol Paşinyan Baş nazir postunu əldən verməsə də, bölgədəki gərginlik səngimək bilmir. Baş nazirin ötən günki açıqlamları Bakı və İrəvan gündəmini silkələyib.
Paşinyan üstüörtülü də olsa, təxribat və ya sui-qəsd planlarının mövcudluğundan bəhs edib. O, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana müharibə riskinin qarşısının alınması məqsədilə, Hikmət Hacıyevlə əlaqə saxlamağı tapşırıb. Paşinyanın dediyinə görə, məhz onun tapşırığına əsasən iyunun 14-də A.Qriqoryan Dilican şəhərində H.Hacıyev ilə görüşüb. Baş nazir, görüşün müharibə təhlükəsini idarə etmək məqsədinə xidmət etdiyini vurğulayıb.
Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a bildirib ki, Paşinyanın açıqlaması iki vacib mesaj verir:
“Paşinyan Azərbaycana qarşı müharibə təhlükəsinin artdığını eyham vurmağa çalışır. Ermənistanda bəzi qüvvələr həqiqətən də Azərbaycanla müharibə olmasını arzulayırlar. Paşinyan həmin qüvvələrin adlarını konkret şəkildə çəkməsə də, söhbətin “Ermənistan naminə” bloku, müxalif siyasi fiqurlar və Rusiyayönümlü dairələrdən getdiyi anlaşılır. Paşinyanın bu məsələni, açıq müstəviyə çıxarmaqda məqsədi Ermənistandakı radikal qüvvələrin törədə biləcəyi hər hansı destruktiv addımın rəsmi İrəvanın dövlət siyasəti ilə əlaqəli olmadığını Azərbaycan ictimaiyyətinə çatdırmaqdır”.
Ekspertin sözlərinə görə, ABŞ və İranın imzaladığı memorandum fonunda, Tehrandakı bəzi qüvvələr Hörmüz problemini Zəngəzura köçürmək istəyirlər:
“Əsaslandırma da Tramp dəhlizi (TRIPP) adı üzərindədir. Guya ki, orada ABŞ-ni məğlub etdilər, indi də burada yeni bir cəbhə açmağa çalışırlar. Açığı bu vəziyyət çox vacibdir. Bakı-İrəvan arasında müharibə riski böyük deyil. Ancaq gərginlik qalmaqdadır. Paşinyanın bəyanatı isə daha çox daxili siyasi manevr xarakteri daşıyır. O, digər qüvvələrin məkrli planlarını ön plana çıxarmaqla, özünü Azərbaycana sülhün xidmətçisi kimi göstərməyə çalışır”.