Ermənistanda keçirilən parlament seçkilərində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası qalib gəlib. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, hakim partiya səslərin 49,81 faizini toplayaraq birinci olub.
Sherg.az xəbər verir ki, səslərin sayılması davam edərkən çıxış edən Paşinyan nəticələri “tarixi uğur” adlandırıb. İlkin nəticələrdə Vətəndaş Müqaviləsi Partiyasının təxminən 54 faiz, Rusiyayönlü müxalifət blokunun isə 22 faiz səs topladığı bildirilib.
Paşinyan seçkidən sonra verdiyi açıqlamada Azərbaycan və Türkiyəyə də mesaj ünvanlayıb. O, sülhə, regional rifaha və əməkdaşlığa sadiq olduqlarını vurğulayaraq, bunun Bakı və Ankara tərəfindən müsbət qarşılanacağına ümid etdiyini deyib.
Ermənistanın Türkiyə ilə münasibətlərdə “çox yaxşı dinamika” əldə etdiyini bildirən Paşinyan bu prosesin davam etdirilməsinin vacibliyini qeyd edib.
Qeyd edək ki, seçkilərdə ölkə parlamentinə düşmək uğrunda 18 siyasi qüvvə mübarizə aparıb.