Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH

  • “Erməni xalqının məhv olması belə, onlar üçün əhəmiyyət daşımır”

Ermənistanın Baş naziri Nikol Paşinyanın Konstitusiyaya dəyişiklik etmək planı ölkənin daxili siyasi gündəmində müzakirələrə səbəb olub. Azərbaycanın sülh prosesində irəli sürdüyü tələblərdən biri olan Konstitusiya dəyişikliyi ətrafında hakimiyyətlə müxalifət arasında fikir ayrılıqları da diqqət çəkir. Paşinyanın bu istiqamətdə hansı addımları atacağı və siyasi maneələri necə aşacağı isə suallar doğurur.

Bu barədə "Hraparak" nəşri də məlumat yayıb. Nəşrin yazdığına görə Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın tələbi ilə konstitusiya dəyişikliyinə hazırlaşır. Qeyd plunur ki, dəyişikliyə dair qanun layihəsi Milli Məclisdən keçməsə və ya parlament müxalifətinin maneəsi ilə üzləşsə, hökumət alternativ variantlara əl atacaq.

Politoloq Elşad Həsənov Sherg.az-a Ermənistanın siyasi gələcəyi, Konstitusiyasının taleyi və Azərbaycanla münasibətləri baxımından prosesin əhəmiyyətini şərh edib:

"Ermənistan Konstitusiyasının dəyişilməsi ilə bağlı ötən ildən etibarən Ədliyyə Nazirliyi müvafiq işlər görür. Nazirlik Konstitusiyanın yeni layihəsini hazırlayıb. Son günlərdə Ədliyyə Nazirliyi bildirib ki, noyabrın ortalarında Konstitusiyanın müddəaları müzakirəyə çıxarılacaq. Paşinyan da çıxışında əvvəlki Konstitusiyada yer alan bəzi müddəaların Ermənistan dövlətinin maraqlarına zidd olduğunu bildirib. Doğrudan da, dünyanın heç bir ölkəsinin Konstitusiyasının preambulasında başqa dövlətlərin ərazilərinə qarşı torpaq iddiası yer almır. Ermənistan Konstitusiyasının preambulasında isə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var. Belə bir Konstitusiyanın mövcudluğu, əslində, Ermənistan dövlətinin özünə zərər vurur və onun gələcəyini sual altına qoyur. Buna görə də indiki hakimiyyət, yəni Paşinyan və komandası real Ermənistan qurmağa, bu dövləti inkişaf etdirməyə çalışır.

Onlar dəfələrlə bildiriblər ki, mifik Ermənistan iddialarından əl çəkmək, real Ermənistanın inkişafına diqqət yetirmək lazımdır. Bunun üçün də Azərbaycanın tapşırığı ilə deyil, haqlı tələbi əsasında Konstitusiyada dəyişiklik edilməlidir".

Analitik bildirib ki, əgər Ermənistan sülh müqaviləsi imzalamaq istəyirsə, Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir: 

"Bir müddət əvvəl siyasi liderlər də bu məsələni gündəmə gətirdilər. Bildirildi ki, Qarabağ Azərbaycandır və Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Qarşılıqlı olaraq Ermənistan da Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir. Lakin bu müddəalar hələ də Konstitusiyada qalır.

Bu, şovinist erməni millətçilərinin qəbul etdiyi Konstitusiyadır. Məhz həmin yanaşmanın nəticəsində torpaqlarımız uzun illər işğal altında saxlanılıb. Nəhayət, Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etdikdən sonra ermənilərə göstərdi ki, hər kəs öz torpağının sahibi olmalıdır. Hətta daha dərindən araşdırsaq, tarixi Azərbaycan torpaqlarını da geri qaytarmaq imkanımız ola bilərdi. Ancaq biz tarixi xəritələrə deyil, beynəlxalq səviyyədə tanınmış sərhədlərimizə əsaslanaraq torpaqlarımızı geri qaytardıq və ərazi bütövlüyümüzü təmin etdik.

Ona görə də bu gün nə biz Ermənistandan torpaq tələb etməliyik, nə də onlar bizdən torpaq istəməlidirlər. Bunun üçün Ermənistan Konstitusiyasında dəyişikliklər edilməlidir".

Politoloq Donald Trampın da bu məsələni gündəmə gətirdiyini xatırladıb: 

"Paşinyan bildirib ki, Konstitusiyada dəyişiklik mütləq həyata keçirilməlidir. Bəli, Paşinyan müxalifətin təzyiqləri ilə üzləşir, lakin bu dəyişiklikləri o, həyata keçirəcək. Çünki onlar doğrudan da Ermənistanı düşünürlərsə, Konstitusiyaya düzəliş etməlidirlər.

Bugünkü Ermənistan müxalifəti kimlərdən ibarətdir? Bunlar uzun illər hakimiyyətdə olmuş, hakimiyyəti ələ keçirdikdən sonra erməni xalqının sərvətlərini talamış, Ermənistan-Azərbaycan münaqişəsindən öz gəlirlərini artırmaq üçün istifadə etmiş Robert Köçəryan və Serj Sarkisyan kimi keçmiş dövlət rəhbərlərinin tərəfdarlarıdır.

Bu gün onlar yenidən Ermənistan-Azərbaycan münaqişəsini qızışdırmaq, müharibəyə zəmin yaratmaq istəyirlər. Çünki həmin qarışıq dövrlərdə onlar varlanıblar. Məhz bu səbəbdən də bu gün Ermənistan rəhbərliyi onların qarşısını almağa çalışır.

Köçəryan həbsdədir, Sarkisyan isə istintaq altındadır. Onların ətrafında olan şəxslərin də müxtəlif cinayət əməllərində iştirak etdikləri iddia olunur. Onlar bilirlər ki, gec-tez öz əməllərinə görə cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Ona görə də çalışırlar ki, Paşinyanın hakimiyyəti devrilsin, özləri yenidən hakimiyyətə gəlsinlər, müharibə başlasın və onlar yenidən varlansınlar. Erməni xalqının məhv olması belə, onlar üçün əhəmiyyət daşımır". 

Müsahibimiz qeyd edib ki, Paşinyanın komandası məhz Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyir: 

"Paşinyan bu istiqamətdə müvafiq addımlar atır. Ötən il Vaşinqtonda tərəflər arasında sülh sazişinin mətni paraflandı. Ancaq Ermənistan Konstitusiyasında dəyişikliklər hələ ötən ildən həyata keçirilməli, müvafiq islahatlar aparılmalı idi. Bununla belə, bu addımlar atılmalıdır. Parlament seçkilərində müxalifətin müəyyən qədər səs toplaması da diqqətəlayiq məqamdır.

TRIPP marşrutu ilə bağlı parlamentdə müzakirələrdən və prosesin irəliləməsindən sonra Konstitusiyaya dəyişikliklərin edilməsi üçün referendumun keçirilməsinin vacibliyi də daha aydın görünür. Düşünürəm ki, bu məsələ parlamentdə dəstəklənəcək. Əks təqdirdə, Paşinyan parlamenti buraxaraq növbədənkənar seçkilərə gedə bilər. Bu isə onun və komandasının daha çox səs toplaması ilə nəticələnər. Çünki son yerli seçkilərdə də Paşinyanın partiyası daha çox səs toplayıb.

Bu, onu göstərir ki, əhalinin böyük əksəriyyəti əvvəlki Ermənistan rəhbərlərinin cinayət əməllərindən, xalqa qarşı törətdikləri haqsızlıqlardan, müharibələrdə erməni ailələrinin övladlarını itirməsindən xəbərdardır. Paşinyan hakimiyyətə gəldikdən sonra müharibə istəmədiyini dəfələrlə bəyan edib. Hətta müharibədən sonra keçirilən seçkilərdə də qalib gəldi. Çünki erməni xalqı artıq onu dəstəkləyir və qonşularla sülh şəraitində yaşamağın vacibliyini anlayır. Erməni cəmiyyəti başa düşür ki, qonşularla müharibə etmək yox, sülh və dostluq şəraitində yaşamaq lazımdır".

E.Həsənovun fikrincə Paşinyan qarşıya qoyduğu məqsədləri həyata keçirə bilməsə, yəni Konstitusiya dəyişikliyi baş tutmasa və parlament bu təşəbbüsü dəstəkləməsə, o, parlamenti buraxaraq yeni seçkilər keçirə bilər:

"Bunun qaçılmaz ola biləcəyini istisna etmirəm. Lazım gələrsə, bu məsələ ilə bağlı referendum da keçirər. Çünki Paşinyan siyasi prosesləri yaxşı bilir.

Ermənistandakı müxalifətin radikal və revanşist üzvləri öz iddialarından əl çəkməli, Azərbaycan-Ermənistan münasibətlərinə xələl gətirməməlidirlər. Çünki bu siyasət Azərbaycandan daha çox Ermənistanın özünə ziyan vurur".