Paşinyanın partiyasının səsləri azaldı

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası 1224 səs itirib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentindəki hakim fraksiyanın deputatı Vaaqn Aleksanyan məlumat verib.

“Əsgərlərin səsverməsi ilə bağlı müxalifətin qaldırdığı isteriya nəticəsində iki seçki məntəqəsinin nəticələri ləğv edilir. “Vətəndaş Müqaviləsi” Partiyası həmin məntəqələrdə ümumilikdə 1224 səs toplamışdı. Bu müxalifət qarşıdakı beş il ərzində hər dəfə “ordu” və ya “əsgər” sözünü işlədəndə xatırlamalıdır ki, xidmətdən gələrək səs vermiş əsgərlərin səslərinin etibarsız sayılması prosesini məhz onlar başladıb”, - deputat bildirib.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, Baş nazir Nikol Paşinyanın sədri olduğu “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,825 faizini toplayıb. Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,281 faiz, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,934 faiz səs alıb. Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası 3,996 faiz səs toplasa da, Ermənistan parlamentinə düşə bilməyib.

Ermənistan Mərkəzi Seçki Komissiyası səsvermənin yekun nəticələrini iyunun 14-də açıqlayacaq.