Seçkilər zamanı pozuntular barədə məlumatlar hazırlayan jurnalist seçkilərdən dərhal sonra hərbi toplanışa çağırış vərəqəsi aldığını açıqlayıb
İyunun 7-də Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası parlament seçkilərində 49,8 faiz səs toplayaraq qələbə qazanıb. Lakin müxalifət seçkilərin nəticələri ilə razılaşmır, ciddi pozuntuların baş verdiyini bildirir və səslərin yenidən sayılmasını tələb edir.

Tsarukyana qarşı cinayət işi
Seçkilərdən sonra ən çox diqqət çəkən hadisələrdən biri müxalifətdəki Qaqik Tsarukyanın rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan" Partiyası ilə bağlı olub. Tsarukyana qarşı xüsusilə külli miqdarda vergidən yayınma maddəsi ilə cinayət işi açılıb və onun ölkədən çıxışına qadağa qoyulub.

Partiya rəsmi nəticələrə etiraz edərək səs oğurluğunun baş verdiyini iddia edir. Qeyd olunur ki, partiya parlamentə keçmək üçün tələb olunan 4 faizlik baryeri cüzi fərqlə aşa bilməyib.
Xaricdə yaşayan ermənilərin səsvermə hüququ müzakirəsi

İyunun 10-da Paşinyan xaricdə daimi yaşayan ermənilərin seçki hüquqlarının məhdudlaşdırılması ideyasının cəmiyyətdə müzakirə olunduğunu bildirib. Bu açıqlama xüsusilə diaspor nümayəndələri arasında mübahisələrə səbəb olub.
Müxalif dairələr bunu xaricdə, xüsusən də Rusiyada yaşayan ermənilərin əhəmiyyətli hissəsinin Paşinyanı dəstəkləməməsi ilə əlaqələndirirlər.
Müxalifətin etirazları
Müxalifətdəki "Güclü Ermənistan" Bloku seçici siyahılarında uyğunsuzluqlar aşkar etdiyini açıqlayıb. Blokun nümayəndəsi Qoar Meloyan seçici sayının qısa müddətdə minlərlə nəfər artdığını və bəzi seçki məntəqələrində nəticələrin protokollarda fərqli göstərildiyini iddia edib.
Müxalifət artıq Mərkəzi Seçki Komissiyasına müraciət edib və bir sıra seçki məntəqələrində səslərin yenidən sayılması prosesinin başladığını bildirir.
Jurnalistə çağırış vərəqəsi
Seçkilər zamanı pozuntular barədə məlumatlar hazırlayan NEWS.am nəşrinin jurnalisti Narek Xaçatryan seçkilərdən dərhal sonra hərbi toplanışa çağırış vərəqəsi aldığını açıqlayıb. Müxalifət bunu hakimiyyətin tənqidi mövqelərə təzyiq vasitəsi kimi qiymətləndirir.
Ermənistanın xarici siyasəti ətrafında müzakirələr
Məlumatlarda həmçinin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətlərinə də toxunulur. Bildirilir ki, rəsmi İrəvan son dövrlər təşkilatın tədbirlərində fəal iştirak etmir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın regional inteqrasiya birliklərində iştirakı ilə bağlı məsələlərin gündəmdə olduğunu vurğulayıb. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə Ermənistanın həm Avrasiya inteqrasiyasının üstünlüklərindən yararlanmaq, həm də Avropa İttifaqına inteqrasiya istiqamətində addımlar atmaq siyasətini tənqid edib.
Seçkilərdən cəmi bir neçə gün keçməsinə baxmayaraq, Ermənistanın daxili siyasi həyatında gərginliyin artdığı və seçki nəticələri ətrafında mübahisələrin davam etdiyi vurğulayır.