- " Növbəti parlament seçkiləri 2031-ci ildə keçirilməlidir və həmin seçkilərdə Paşinyanın yenidən qalib gələcəyinə heç bir zəmanət yoxdur"
Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları İrəvanın Azərbaycanla sülh prosesinə dair mövqeyini yenidən gündəmə gətirib. Paşinyan bu dəfə ölkəsinin Müstəqillik Bəyannaməsini anti-dövlət xarakterli sənəd adlandırıb və orada əks olunan ideologiyadan imtinanın Ermənistanın öz maraqlarına uyğun olduğunu bildirib. Eyni zamanda, Azərbaycanla sülh müqaviləsini imzalayıb ratifikasiya etmədən baş nazir postunu tərk etməyi şəxsi uğursuzluğu hesab edəcəyini açıqlayıb.
Lakin Paşinyanın sülh tərəfdarı olduğunu bəyan etməsi hələ prosesin sürətlə irəliləyəcəyi anlamına gəlmir. O, əvvəlki açıqlamalarında sülh müqaviləsinin imzalanması və ratifikasiyasının 2031-ci ilədək başa çatdırılmasını hədəf kimi göstərib. Bu isə Ermənistan rəhbərliyinin sülh prosesini yaxın müddətdə yekunlaşdırmaq üçün konkret siyasi öhdəlik götürüb-götürmədiyi ilə bağlı suallar yaradır.
Digər tərəfdən, Paşinyan Müstəqillik Bəyannaməsindəki ideologiyadan imtinanı Azərbaycanın tələbi kimi deyil, Ermənistanın milli maraqları ilə əlaqələndirməyə çalışır. Bununla o, mümkün konstitusiya dəyişikliklərinin daxili siyasi legitimliyini təmin etmək və müxalifətin bu məsələni xarici təzyiq kimi təqdim etməsinin qarşısını almaq istəyir.
Araşdırmaçı - jurnalist Asəf Quliyev Sherg.az-a bildirib ki, Nikol Paşinyanın prosesi uzatmaq niyyətində olması ilə bağlı ciddi arqumentlər yoxdur. Ən azı, onun indiki açıqlamalarında belə bir mövqe müşahidə olunmur: “Paşinyanın 2031-ci illə bağlı səsləndirdiyi fikrə diqqətlə yanaşsaq, görərik ki, o, konkret olaraq 2031-ci ilə qədər olan müddətdən danışır. Bunun səbəbi isə aydındır:
"Paşinyanın xalqdan aldığı siyasi mandat həmin tarixə qədər qüvvədədir. Növbəti parlament seçkiləri 2031-ci ildə keçirilməlidir və həmin seçkilərdə Paşinyanın yenidən qalib gələcəyinə heç bir zəmanət yoxdur. Yəni o, əslində, öz siyasi mandatının 2031-ci ilə qədər davam etdiyini vurğulayır. Diqqət çəkən digər məqam Paşinyanın sülh müqaviləsinin 2027–2028-ci illərdə imzalana biləcəyini bildirməsidir. Burada da müəyyən siyasi nüanslar var. Güman edirəm ki, bu açıqlama, eyni zamanda, ABŞ Prezidenti Donald Trampa ünvanlanmış bir mesaj xarakteri daşıyırdı. Paşinyan bununla demək istəyirdi ki, biz çalışırıq, sülh müqaviləsi məhz sizin prezidentlik müddətiniz ərzində imzalansın. Paşinyanın üçüncü mühüm açıqlaması isə növbədənkənar parlament seçkiləri ilə bağlı oldu. Bu bəyanatın arxasında hansı siyasi hesablamaların dayandığına diqqət yetirmək lazımdır”.
A. Quliyev qeyd edib ki, Paşinyan mövcud siyasi vəziyyətə tam nəzarət etdiyini düşünür və hesab edir ki, konstitusiya dəyişiklikləri üçün parlamentdə konstitusion çoxluq əldə edə bilmədiyi təqdirdə növbədənkənar seçkilərə gedə bilər:
“Məsələ ondadır ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi proseduru müəyyən parlament mexanizmləri tələb edir. Hakim siyasi qüvvə konstitusiya dəyişikliyi ilə bağlı qanun layihəsini parlamentə təqdim edir. Dəyişikliklərin referenduma çıxarılması üçün parlamentdə deputatların azı üçdə ikisinin dəstəyi tələb olunur. Bu dəstək əldə edilmədiyi halda referendumun keçirilməsi mümkün olmur və nəticə etibarilə konstitusiya dəyişiklikləri prosesi dayanır.Məhz bu məqamda Paşinyanın növbədənkənar parlament seçkiləri ilə bağlı açıqlaması xüsusi əhəmiyyət qazanır. O, əslində, belə bir ssenarini nəzərdə tuta bilər: əgər mövcud parlamentdə konstitusiya dəyişikliklərinin referenduma çıxarılması üçün tələb olunan üçdəiki səs çoxluğu əldə edilməsə, növbədənkənar seçkilərə gedərək yeni parlamentdə bu çoxluğu formalaşdırmağa çalışacaq. Deməli, Paşinyanın özünün növbədənkənar seçkilərdə qalib gələcəyinə və konstitusion çoxluğu təmin edə biləcəyinə dair müəyyən siyasi inamı var”.
Tədqiqatçı əlavə edib ki, Ermənistan tərəfi hazırda sülh müqaviləsinin imzalanmasında kifayət qədər maraqlıdır və bu istiqamətdə ciddi cəhdlər göstərir. Lakin burada Azərbaycanın konkret tələbləri mövcuddur və həmin tələblər yerinə yetirilməlidir. Bu tələblərin icrası isə sadəcə bir sənədə imza atmaqla başa çatmır. Burada müəyyən hüquqi və siyasi prosedurlar var. Yəni sülh müqaviləsinin imzalanması ilə yanaşı, onun üçün zəruri olan siyasi və hüquqi şərtlərin də təmin edilməsi vacibdir”.