İranda müharibənin, iqtisadi böhranın və ABŞ ilə aparılan mübahisəli danışıqlar prosesinin yaratdığı təzyiqlər davam etdiyi bir vaxtda hakimiyyətin ali eşelonunda ciddi fikir ayrılıqlarının yaşandığı iddia olunur. İranın ali dini lideri Müctəba Xamanein ailəsi ilə nikah yolu ilə qohumluğu olan din xadimi Məhəmməd Baqir Hərəzi prezident Məsud Pezeşkianın vəzifəyə gəldiyi vaxtdan bəri 28 dəfə istefa verdiyini və ya istefa ilə hədələdiyini iddia edib.
Hərəzinin sözlərinə görə, ali dini lider hökumət rəsmilərinə çatdırılması üçün göndərdiyi mesajda bildirib: “Pezeşkian bir daha istefa versə, bu dəfə istefasını qəbul edəcəyik.” İran rəsmiləri hələlik bu açıqlamaları təsdiqləməyiblər. Bununla belə, iddialar Tehranda hakimiyyət daxilində gedən güc mübarizəsini yenidən gündəmə gətirib.
“Bir daha istefa etsə, qəbul edəcəyik”
Hərəzi bildirib ki, ali dini liderin xəbərdarlığı rəsmi şəkildə hökumət nümayəndələrinə çatdırılıb. Bundan sonra Pezeşkian və istefa variantını gündəmə gətirən bəzi yüksək vəzifəli şəxslər geri addım atıblar.
Onun sözlərinə görə, Xamanein “Pezeşkian yenidən istefa verərsə, istefasını qəbul edəcəyik” mesajı hökumət daxilində istefa ilə bağlı müzakirələrə son qoyub. Hərəzi iddia edir ki, bu xəbərdarlıqdan sonra prezident və onu dəstəkləyən rəsmilər mövqelərini yumşaldıb, sərt bəyanatlarını azaldıb və istefa təhdidlərindən imtina ediblər.
Pezeşkianın vəzifəsini tərk etmək istədiyi barədə iddialar daha əvvəl də İran ictimaiyyətində müzakirə olunmuşdu. May ayının sonunda yayılan xəbərlərdə prezidentin əsas qərarların İnqilab Keşikçiləri Korpusunun komandanlarının nəzarətinə keçdiyini, seçilmiş hökumətin isə müharibənin başlanmasından etibarən qərar qəbuletmə prosesindən kənarda saxlanıldığını əsas gətirərək ali dini liderə rəsmi istefa məktubu göndərdiyi irəli sürülmüşdü. Lakin bu məlumat İran hakimiyyəti tərəfindən təsdiqlənməmiş, hökumətə yaxın dairələr Pezeşkianın fəaliyyətini davam etdirdiyini bildirmişdilər.
Milli Təhlükəsizlik Şurasında yeni dəyişikliklər
Hərəzinin iddiaları yalnız Pezeşkianın istefa cəhdləri ilə məhdudlaşmır. O, həmçinin İranın təhlükəsizlik və xarici siyasət üzrə qərarvermə mərkəzlərində dəyişikliklərin planlaşdırıldığını bildirib.
Onun sözlərinə görə, Milli Təhlükəsizlik Ali Şurasının katibi Məhəmməd Baqir Zülqədirin vəzifədən uzaqlaşdırılması nəzərdə tutulur. Hərəzi iddia edir ki, onun yerinə ali dini liderin hərbi müşaviri və İnqilab Keşikçiləri Korpusunun keçmiş baş komandanı Möhsün Rzayi təyin ediləcək.
Zülqədir 2026-cı ilin mart ayında Şuranın əvvəlki katibi Əli Laricaninin ölümündən sonra bu vəzifəyə gətirilmişdi.
İnqilab Keşikçiləri Korpusundan olan Zülqədirin təhlükəsizlik şurasına rəhbər təyin edilməsi İranda müharibə şəraitinin mülki siyasətçilərin mövqelərini zəiflədərək hərbi və təhlükəsizlik strukturlarının təsirini artırdığı kimi qiymətləndirilmişdi. Ərəbdilli təhlillərdə Laricanidən sonra Zülqədirin seçilməsinin Şurada mülki vasitəçilik imkanlarını məhdudlaşdırdığı və dövlətin sərt güc mərkəzlərinin təsirini artırdığı qeyd olunurdu.
Hərəzinin indi onun yerinə yenə də İnqilab Keşikçiləri Korpusu keçmişinə malik Möhsün Rzayinin gətiriləcəyini iddia etməsi dəyişikliklərin mülkiləşmədən daha çox təhlükəsizlik bürokratiyası daxilində yeni güc bölgüsü məqsədi daşıdığı barədə ehtimalları gücləndirib.
Araqçi danışıqlar masasından kənarlaşdırılır?
Hərəzinin ən diqqətçəkən iddialarından biri də xarici işlər naziri Abbas Araqçinin bundan sonrakı danışıq proseslərində iştirak etməyəcəyi ilə bağlıdır.
İranın nüvə proqramı və ABŞ ilə aparılan təmaslarda əsas fiqurlardan biri hesab olunan Araqçinin danışıq masasından uzaqlaşdırılması xarici siyasətin Xarici İşlər Nazirliyi əvəzinə birbaşa təhlükəsizlik strukturları və ali dini liderin aparatının nəzarətinə keçməsi anlamına gələ bilər.
Lakin Araqçinin vəzifədən uzaqlaşdırılması və ya danışıqlardan kənarlaşdırılması barədə İran hakimiyyəti tərəfindən hər hansı rəsmi açıqlama verilməyib. Buna görə də Hərəzinin açıqlamaları hələlik təsdiqlənməmiş siyasi iddia kimi qiymətləndirilir.
Araqçinin hökumət daxilindəki rolu ilə bağlı mübahisələr də yeni deyil. Aprel ayında yayımlanan ingilisdilli xəbərlərdə Pezeşkian və parlament sədri Məhəmməd Baqir Qalibafın Araqçinin hökuməti məlumatlandırmadan təhlükəsizlik qurumları ilə koordinasiyalı fəaliyyət göstərdiyini düşündükləri və onun vəzifədən uzaqlaşdırılması variantını müzakirə etdikləri iddia olunmuşdu.
Həmin xəbərlərdə Pezeşkianın Araqçidən narazı olduğu, onun hökumətin naziri kimi deyil, İnqilab Keşikçiləri Korpusunun komandanlarının nümayəndəsi kimi davrandığını söylədiyi irəli sürülmüşdü.
Zeydabadidən rəsmi açıqlama tələbi
Hərəzinin açıqlamaları İranın siyasi və media dairələrində geniş rezonans doğurub.
Jurnalist və siyasi fəal Əhməd Zeydabadi aidiyyəti dövlət qurumlarını iddiaların doğru olub-olmaması barədə ictimaiyyətə açıq məlumat verməyə çağırıb.
O bildirib ki, İranın müharibə, iqtisadi böhran və xarici siyasət təzyiqləri ilə üzləşdiyi bir dövrdə belə ağır ittihamların ictimaiyyət qarşısında səsləndirilməsi siyasi gərginliyi daha da artırır. Zeydabadinin fikrincə, hakimiyyətin susqunluğu şayiələrin yayılmasına və yeni siyasi böhranın yaranmasına səbəb ola bilər.
Zeydabadi həmçinin Hərəzinin keçmişdə səsləndirdiyi qalmaqallı bəyanatları xatırladaraq bildirib ki, o, islahatçıların hakimiyyətdə olduğu dövrdə müxalif siyasi fəalları yataq otaqlarına girərək ağızlarına bomba atmaqla hədələmişdi.
Onun sözlərinə görə, belə keçmişə malik bir şəxsin siyasi etibarlılığı özü-özlüyündə qiymətləndirilə bilər. Bununla belə, Zeydabadi vurğulayıb ki, açıqlamalarda adı çəkilən şəxslər və dövlət qurumları ictimaiyyəti məlumatlandırmaq məsuliyyəti daşıyırlar. O hesab edir ki, İran hakimiyyəti bu iddiaları ya açıq şəkildə təsdiqləməli, ya da təkzib etməlidir. Əks halda, yayılan söz-söhbətlər dövlət idarəçiliyi daxilində etimad böhranını daha da dərinləşdirə bilər.
Prezident var, amma səlahiyyətləri mübahisə mövzusudur
Hazırda Tehran tərəfindən Pezeşkianın 28 dəfə istefa verməyə cəhd göstərdiyi, Zülqədirin vəzifədən uzaqlaşdırılacağı və ya Araqçinin danışıq prosesindən kənarlaşdırıldığı barədə iddialar rəsmi şəkildə təsdiqlənməyib.
Bununla belə, bu iddiaların ali dini liderin ailəsinə yaxınlığı ilə tanınan bir şəxs tərəfindən səsləndirilməsi İranda hakimiyyət daxilindəki qarşıdurmaların artıq qapalı qalmadığı barədə fikirləri gücləndirib.
Seçilmiş prezidentin qərar qəbuletmə prosesində nə dərəcədə təsirli olduğu uzun müddətdir müzakirə mövzusudur. “Bir daha istefa versən, qəbul edəcəyik” mesajı isə Pezeşkiana yalnız vəzifədə qalmasının deyil, hətta vəzifədən ayrılmasının da tam şəkildə öz iradəsindən asılı olmadığını xatırladır.
İran siyasətinin paradoksu da məhz bundadır: prezident 28 dəfə istefa vermək istəsə belə, Tehranda istefanın qüvvəyə minməsi üçün son qərarı yenə də ən ali hakimiyyət verir.