ABŞ-nin İrana qarşı həyata keçirdiyi tədbirlər enerji bazarlarında qeyri-sabitlik yaradır və qiymət şoklarına səbəb olur.
Sherg.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Moskvada Qaz İxracatçısı Ölkələr Forumunun sammitində çıxışı zamanı bildirib.
Pezeşkian ABŞ-nin İrana qarşı dəniz blokadasını, eləcə də digər ölkələrə bu blokadaya qoşulmaq üçün təzyiq göstərilməsini qanunsuz addımlar adlandırıb. Onun sözlərinə görə, ABŞ-nin Fars körfəzi bölgəsindəki hərbi müdaxilələri regional vəziyyəti gərginləşdirməklə yanaşı, təhlükəli qiymət sıçrayışlarına da səbəb olur.
İran Prezidenti dəniz və hava blokadasının beynəlxalq hüququn kobud şəkildə pozulması olduğunu vurğulayıb.
Pezeşkian qeyd edib ki, İran Qərbin uzun illərdir tətbiq etdiyi sanksiyalara baxmayaraq, daxili potensialı hesabına təbii qaz hasilatını 300 milyard kubmetrə çatdırıb və dünyada üçüncü ən böyük qaz istehsalçısı mövqeyini qoruyub.
Məlumata görə, regionda silahlı münaqişə fevralın 28-də ABŞ və İsrailin İrana zərbələr endirməsi ilə başlayıb. Tehran buna cavab olaraq hücumlar həyata keçirib. İyun ayının ortalarında tərəflər döyüşlərin dayandırılması haqqında memorandum imzalasalar da, sonradan yenidən qarşılıqlı zərbələr endiriblər.
Münaqişə hələ də həllini tapmayıb. Davam edən gərginlik fonunda Hörmüz boğazından gəmiçilik, demək olar ki, dayanıb.