Pezeşkian: ABŞ razılaşmaya qayıtsa, İran da dərhal eyni addımı atacaq

“ABŞ öz öhdəliklərini yerinə yetirsə, İran da İslamabad Memorandumunun şərtlərinə əməl etməyə davam edəcək”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

Dövlət başçısı iddia edib ki, ABŞ 40 günlük müharibə zamanı əvvəlcədən müəyyən etdiyi məqsədlərdən heç birinə nail ola bilməməsindən sonra İranla atəşkəsə getməyə və müharibəni dayandırmağa məcbur olub.

“Pakistan və Qətər kimi iki dost və qardaş ölkənin vasitəçiliyi ilə aparılan təxminən üç aylıq danışıqlar yekunda İslamabad Anlaşma Memorandumunun əldə olunması ilə nəticələndi. Amma ABŞ-nin öz Prezidentinin (Donald Tramp) imzası olan sənədə sadiqliyi iki həftədən də az çəkdi. Bundan sonra ABŞ tərəfinin öhdəlikləri ilə bağlı yeni tələbləri və verdiyi vədlərə əməl etməməsi başladı və bu proses hələ də davam edir.

Əlbəttə, İran ABŞ-nin öhdəliklərini pozmasına cavab verdi. Amma mən açıq şəkildə bəyan edirəm: ABŞ Anlaşma Memorandumunda üzərinə götürdüyü öhdəliklərə qayıdarsa, İran da dərhal qarşılıqlı addım atacaq”, - Pezeşkian vurğulayıb.