ABŞ ilə danışıqlar çərçivəsində İran və Qətər Dohada saxlanılan Tehranın 12 milyard dollarlıq aktivlərindən 6 milyard dolların blokdan çıxarılması barədə razılığa gəlib.
Teleqraf xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.
“Əldə olunan razılaşmaya əsasən, Qətərdə saxlanılan İranın ümumilikdə 12 milyard dollar həcmində vəsaitinin 6 milyard dolları blokdan çıxarılaraq ölkəyə qaytarılacaq. Qalan vəsaitin də geri qaytarılması istiqamətində zəruri işlər davam etdirilir”, - Pezeşkian deyib.
“The Wall Street Journal” bundan əvvəl yazmışdı ki, ABŞ və Qətər İranın dondurulmuş aktivlərinin bir hissəsindən humanitar malların alınması üçün istifadə edilməsinə imkan verəcək mexanizm üzərində işləyir. Nəşrin məlumatına görə, ilkin mərhələdə Tehran Qətərdə saxlanılan 6 milyard dollarlıq vəsaitə çıxış əldə edə bilər.