İqtisadçı Eldəniz Əmirov müşavirədə ön plana çıxan əsas çağırışların bir neçə istiqamətdə cəmləşdiyini bildirib
Azərbaycan Prezidenti kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında aqrar sektorunun inkişafı ilə bağlı strateji hədəfləri elan edib. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyi və regionların iqtisadi potensialının artırılması əsas müzakirə mövzusu olub. Dövlət başçısı son illər aqrar sahədə görülən genişmiqyaslı işlərə baxmayaraq, kənd təsərrüfatında müşahidə olunan durğunluğun narahatlıq doğurduğunu bildirib. Prezident xüsusilə buğda istehsalında idxaldan asılılığın yüksək qalmasını, urbanizasiya səbəbindən kəndlərdən şəhərlərə axının artmasını və iqlim dəyişikliklərinin yaratdığı riskləri diqqətə çatdırıb.
İqtisadçı Eldəniz Əmirov Sherg.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirəsində səsləndirilən fikirlər aqrar siyasətdə artıq yeni mərhələyə keçidin anonsu kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, müşavirənin əsas mesajı statistik hesabat verməkdən daha çox, mövcud rəqəmlərdən strateji nəticələr çıxarmaq idi: 
“Son illərdə aqrar sahədə mühüm nəticələr əldə olunub, regionlarda ciddi infrastruktur formalaşdırılıb. Lakin müşavirədə səslənən rəqəmlər göstərir ki, bəzi istiqamətlər üzrə əlavə addımlara və yeni yanaşmalara ehtiyac qalır. Ən diqqət çəkən məsələlərdən biri buğda ilə özünütəminetmə səviyyəsi oldu. Azərbaycan hazırda buğda ilə özünü cəmi 55 faiz təmin edir. 1 milyon 573 min ton daxili istehsala qarşılıq 1 milyon 267 min ton idxal həyata keçirilir. Bu isə aqrar siyasətdə artıq əsas diqqətin sadəcə istehsal həcminə deyil, məhsuldarlığın və səmərəliliyin artırılmasına yönələcəyini göstərir”.
İqtisadçı qeyd edib ki, Prezidentin müşavirədə vurğuladığı əsas hədəflərdən biri də məhz məhsuldarlığın artırılmasıdır: “Hazırda taxıl üzrə orta məhsuldarlıq hektardan 3,2 tondur, hədəf isə bunu 5 tona çatdırmaqdır. Əslində bu fərq aqrar siyasətin yeni mahiyyətini ortaya qoyur. Yəni qarşıdakı mərhələ daha çox torpaq əkmək yox, mövcud torpaqdan daha yüksək məhsul əldə etmək mərhələsi olacaq”.
E.Əmirov müşavirədə ön plana çıxan əsas çağırışların bir neçə istiqamətdə cəmləşdiyini bildirib:
“Birinci istiqamət su məsələsidir. Müasir suvarma sistemlərinin 130 min hektardan 300 min hektara çatdırılması hədəfi göstərir ki, iqlim dəyişiklikləri artıq aqrar siyasətin əsas prioritetlərindən birinə çevrilib. İkinci mühüm məsələ subsidiya mexanizmləridir. Müşavirədə açıq şəkildə bildirildi ki, uzun illər dəyişməyən subsidiya modeli artıq effektiv deyil. Subsidiyalar bazar tələbi, ixrac potensialı və məhsuldarlığa uyğun olaraq daha çevik formada tənzimlənməlidir. Aqrar emal sahəsinin inkişafı da yeni mərhələnin əsas istiqamətlərindən biridir. Azərbaycan bir çox hallarda xammal ixrac edir, emal məhsulu idxal edir. Bu isə əlavə dəyərin ölkə daxilində formalaşmaması deməkdir. Pambıq üzrə səsləndirilən ‘mahlıc yox, hazır məhsul’ mesajı da məhz buna hesablanıb. Mən aqrar emalı kənd təsərrüfatının ən vacib dəstəkləyici istiqamətlərindən biri hesab edirəm. Çünki əlavə dəyərin ölkə daxilində yaradılması həm məşğulluğa, həm ixraca, həm də regionların iqtisadi inkişafına ciddi təsir göstərə bilər”.
İqtisadçı kənddən şəhərə miqrasiyanın da müşavirədə xüsusi diqqət çəkən mövzulardan olduğunu vurğulayıb: “Prezidentin səsləndirdiyi “şəhərdən kəndə qayıdış” mesajı əslində yeni iqtisadi modelin fəlsəfəsidir. Əgər kəndlərdə gəlir imkanları, xidmət sektoru, logistika və sosial infrastruktur rəqabətli olmazsa, urbanizasiya prosesini dayandırmaq mümkün olmayacaq. Ona görə də yeni Dövlət Proqramı kəndlərdə həyat keyfiyyətinin və iqtisadi imkanların artırılmasına yönəlməlidir”.
Ekspert bildirib ki, müşavirədə texnologiyaların tətbiqinə xüsusi diqqət ayrılması da təsadüfi deyil:
“Torpaq pasportlaşdırılması, süni intellekt, peyk məlumatları və rəqəmsal analizlərin vurğulanması göstərir ki, aqrar sektor artıq ənənəvi idarəetmədən texnologiya əsaslı idarəetməyə keçir. Bu yanaşma həm məhsuldarlığın, həm də resurslardan səmərəli istifadənin artırılması baxımından vacibdir. Fikrimcə yeni Dövlət Proqramında təkcə istehsal deyil, məhsulun bazara çıxışı və qiymət balansı da diqqətdə saxlanılmalıdır . Bəzi hallarda fermer məhsulu çox aşağı qiymətə satır, istehlakçı isə həmin məhsulu şəhərdə qat-qat baha qiymətə alır. Buna görə logistika, bazara çıxış və aqrar proqnozlaşdırma sistemləri daha effektiv qurulmalıdır ki, bazarda bəzi məhsullar üzrə bir il bolluq, növbəti il isə ciddi çatışmazlıq yaranmasın”.
E. Əmirov sonda qeyd edib ki, qarşıya qoyulan hədəflərin reallaşdırılması üçün həm dövlətin, həm də özəl sektorun fəal iştirakı vacib olacaq: “Hesablamalara görə aqrar sektora milyardlarla manat investisiya tələb olunur. Burada məsuliyyət yalnız dövlətin üzərinə düşmür. Özəl sektorun da prosesdə əsas rol oynayacağı açıq görünür. Amma bunun üçün regionlarda əlverişli iqtisadi mühit, resurslara bərabər çıxış, güclü logistika və rəqabətli imkanlar formalaşdırılmalıdır. Çünki kapital özünü təhlükəsiz və inkişaf edə biləcəyi mühitə yönəldir. Ümumilikdə isə WUF13-dən sonra regionların inkişafı, kəndlərin iqtisadi dayanıqlılığı və Bakının artan yükünün balanslaşdırılması fonunda belə müşavirənin keçirilməsi olduqca vacib və vaxtında verilmiş mesaj idi. Prezidentin qarşıya qoyduğu konkret hədəflər aqrar siyasətdə növbəti mərhələnin əsas istiqamətlərini aydın şəkildə göstərdi”.