Putin geri çəkilməyəcək, onun gizli məqsədi bütün Ukraynadır - ŞƏRH

Rusiya Prezidenti Vladimir Putin VIII çağırış Dövlət Dumasının fəaliyyətini başa vuran deputatları ilə Kremldə keçirdiyi görüşdə Ukraynanın dörd bölgəsini “tarixi Rusiya torpaqları” adlandırıb.

Putin ərazilərin Rusiyaya birləşdirilməsi məsələsində deputatların yekdil mövqedə olduqlarını bildirib: “Parlamentarilər həmçinin Rusiyanın və dörd tarixi regionumuzun - Donetsk və Luqansk xalq respublikalarının, Zaporojye və Xerson vilayətlərinin birləşdirilməsi ilə bağlı qanunları qəbul edərkən vahid mövqedən çıxış etdilər”. Putinin əlavə edib ki, həmin ərazilərin Rusiyaya “tamhüquqlu subyektlər kimi inteqrasiyası” təmin olunub.

Politoloq Zeynal Əmralıyev Sherg.az-a açıqlamasında bildirib ki, Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini "tarixi rus torpaqları" kimi təqdim etməsi yeni yanaşma deyil, Kreml uzun müddətdir bu tezisi irəli sürür: "Rusiya hakimiyyəti işğal etdiyi Ukrayna ərazilərini öz tarixi torpaqları hesab edir və onların Rusiyanın tərkibində qalmasını istəyir. Bu isə həm beynəlxalq hüquqa, həm də Rusiyanın müharibənin əvvəlində irəli sürdüyü arqumentlərə ziddir. Çünki Kreml hərbi əməliyyatlara başlayarkən əsas məqsədinin Ukraynanı guya “banderaçı” və faşist qruplardan təmizləmək olduğunu bildirirdi. İddia edilirdi ki, hakimiyyət dəyişdiriləcək və Ukrayna xalqının maraqlarını ifadə edən siyasi qüvvələr iqtidara gətiriləcək. Lakin sonrakı hadisələr göstərdi ki, Rusiyanın əsas hədəfi ərazi işğalı olub. Bu fakt Kremlin ekspansionist siyasətini açıq şəkildə nümayiş etdirir. Prezident Vladimir Putinin işğal olunmuş ərazilərlə bağlı səsləndirdiyi son bəyanatlar da onu göstərir ki, Moskva geri addım atmaq niyyətində deyil. Bu cür açıqlamalar Rusiya-Ukrayna münasibətlərinin normallaşacağına dair ümidləri daha da zəiflədir və danışıqlar yolu ilə kompromis əldə olunması ehtimalını minimuma endirir. Mövcud vəziyyət göstərir ki, Ukraynanın öz ərazilərini geri qaytarması üçün əsas yol hərbi mübarizəni davam etdirməkdir. Çünki Rusiya nə işğal etdiyi torpaqlardan könüllü şəkildə imtina edəcək, nə də bu məsələdə danışıqlar masasında ciddi güzəştlərə gedəcək. Moskvanın əsas məqsədi mümkün qədər çox Ukrayna ərazisini nəzarəti altına almaqdır."

Politoloqun sözlərinə görə, Rusiyanın strateji məqsədi təkcə işğal etdiyi bölgələri əlində saxlamaq deyil, bütövlükdə Ukraynanı öz təsir dairəsinə qaytarmaqdır: "Bu yanaşma yeni deyil. Hələ 1990-cı illərdən etibarən Rusiya siyasi elitasında Ukrayna və Belarusun 'tarixi rus torpaqları' olması barədə fikirlər səsləndirilirdi. Boris Yeltsin dövründə də bu mövzu müxtəlif siyasi dairələrdə müzakirə olunurdu. Hazırda Belarusda Aleksandr Lukaşenkonun hakimiyyətdə olması və Moskva ilə yaxın münasibətlər saxlaması səbəbindən Kreml həmin istiqamətdə hərbi addımlar atmır. Lakin Ukrayna məsələsi Rusiya üçün hələ də prioritet olaraq qalır. Moskva Ukraynanı tarixi baxımdan özünə aid hesab edir və uzunmüddətli perspektivdə onu tamamilə öz nəzarəti altına almağa çalışır."