Qalib yoxdur, müharibə artıq qaydasız döyüş mərhələsinə keçib - POLİTOLOQ

Atəşkəs planları toqquşur, ABŞ və İran razılığa gələ bilmir

İsrail Livanı kənarda saxlayır, regionda gərginlik daha da artır

ABŞ, İran və İsrail arasında fevralın 28-də başalayan müharibənin bitəcəyinə dair ümidlər artmağa başlayıb. Aprelin 7-də ABŞ prezidentinin İranın mövcudluğuna son qoyacağını bildirməsi siyasi gündəmi kəskin şəkildə dəyişdirdi. Bir çoxları İranın sonunun gəldiyini düşünsə də, aprelin 8-nə keçən gecə tərəflər arasında iki həftəlik atəşkəs elan olundu. Lakin ABŞ tərəfi İranın qarşısına əsas şərt kimi Hörmüz boğazında gəmiçiliyin bərpası məsələsini qoyub. Ağ Evin mətbuat katibi Karolayn Levitt Tehranın ABŞ-yə daha əvvəl təqdim etdiyi sənəddən fərqlənən yeni plan layihəsi göndərdiyini açılayıb.

Onun sözlərinə görə, yenilənmiş plan, ABŞ-nin 15 bəndlik təklifi ilə uzlaşdırılacaq. Dünya regiondakı hadisələrin başa çatdığına görə nəfəs alarkən, yenidən gərginliklə üz-üzə qaldı. İran parlamentinin spikeri danışıqlar üçün əsas götürülən 10 bəndlik planın 3-nün pozulduğunu açıqladı. Əsas pozuntu kimi ABŞ və İsrailin Livanda atəşkəsə riayət etməməsi göstərildi. Lakin, K.Levitt Livanın ABŞ və İran arasında əldə olunan müvəqqəti atəşkəs anlaşmasına daxil olmadığını açıqladı. Tərəflərin ortaq məxrəcə gələ bilməməsi Pakistanın vasitəçilik funksiyasını artırıb. Baş nazir Şahbaz Şərif mübahisəli məsələlərin həlli üçün ABŞ və İran nümayəndə heyətlərini aprelin 10-da paytaxta dəvət edib. Bir çox insanın siyasi düşüncəsini sarsıdan ABŞ-İran qarşıdurmasının taleyi hələ də qeyri-müəyyən olaraq qalır. 

Mövzu ilə bağlı politoloq Əli Mustafa Sherg.az-a bildirib ki, İran tərəfinin ABŞ-yə göndərdiyi 10 bəndlik sənəd mübahisəlidir:

“Arqumentlərə görə onun ilkin versiyası ABŞ tərəfindən qəbul edilmədiyi üçün yenidən hazırlanaraq Vaşinqtona göndərilib. Lakin ABŞ-nin də 15 bəndlik sülh planı var. Böyük ehtimalla aprelin 11-də keçiriləcək görüşdə hər iki sülh planı masaya yatırılacaq. Digər tərəfdən isə ABŞ İranın irəli sürdüyü atəşkəs planının 3 bəndini pozub. Bütün bunlar planlaşdırılan görüşün baş tutub-tutmayacağına kölgə salır. Pakistanın Baş naziri, atəşkəs məsələsinə Livanı da daxil edib. Buna baxmayaraq, İsrail Livana hücumlarını intensivləşdirərək şərtlərə əməl etmir”. 

Politoloqun sözlərinə görə rəsmi Tel-Əviv Livanı atəşkəs planının tərkib hissəsi kimi görmür:

“Çünki Livanla bağlı İsrailin xüsusi planları var. İsrail Litani çayına qədər olan hissəni nəzarətə götürmək niyyətindədir. Hal-hazırda Livanın Cənubunda geniş bufer zona yaradılır. İran tərəfi isə İsrail-Livan münaqişəsi dayanmayacağı təqdirdə atəşkəsi qəbul etməyəcəyini bildirir. Çünki Livanda fəaliyyət göstərən Hizbullah silahlı qruplaşması İranın regiondakı güc mərkəzlərindən biridir. Ona görə də İranın rəsmi dairələri ABŞ-nin atəşkəs çağırışlarına ciddi yanaşa bilmirlər. ABŞ prezidenti atəşkəs çağırışı etsə də, İran səmasında dronları uçuşur”. 

Ə.Mustafa vurğulayıb ki, bəzi mənbələr Körfəz ölkələrinin ABŞ yanında yer alaraq, İran ərazisinə yönələn hücumlarda xüsusi rol oynadığından yazır:

“Bütün bunlar regionu çıxılmaz vəziyyətə gətirir. Maraqlısı odur ki, hər iki tərəf özünü qalib hesab edir. Əslində məsələyə qalib tərəf kimi deyil, üstün tərəf prizmasından baxmaq lazımdır. İranın 1300-dən çox obyekti bombalanıb. Ölkə çox ciddi zərərlə qarşı-qarşıyadır. Bir sözlə, Tehran hərbi baxımdan zəifləsə də, siyasi səviyyədə məğlubiyyətini etiraf etməyib. Digər tərəfdən isə İranın raket arsenalı tükənmiş olsaydı, hazırkı şəraitdə ABŞ-nin hərbi bazalarına və İsrailə zərbələr endirə bilməzdi”. 

Politoloqun fikrincə, qalibiyyət yalnız tərəflərdən birinin digər ölkənin ərazisinə öz bayrağını sancması ilə müəyyənləşir:

“Hazırda belə bir vəziyyət olmadığından, heç bir tərəf qalib hesab edilə bilməz. Artıq tərəflər arasında müharibə anlayışı "qaydasız döyüş" sferasına keçib. Texnologiyanın yaratdığı imkanlar ucbatından mülki obyektlərdən tutmuş hərbi infrastruktura qədər bütün yerüstü imkanlar asanlıqla məhv edilir. Ona görə də "yeraltı dünya" yaradılır. Məsələn, İran bu prosesi əvvəlcədən nəzərə alaraq, hərbi resurslarının çoxunu mağaraların içində və ya yerin altında gizlədir. Onun yeraltında nə qədər raket və dron saxladığı hələ də məlum deyil. İranın yeraltı sistemləri ona ABŞ və İsrailin təzyiqlərinə qarşı möhkəm dayanmağa imkan verir. ABŞ özünü nə qədər qalib hesab etsə də, reallıq öz sözünü deyir".