"İran-ABŞ gərginliyi “qarşılıqlı çəkindirmə” strategiyası üzərində qurulub"
ABŞ-İran gərginliyi davam edir. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib ki, “İrana istənilən təcavüzə gecikmədən cavab verəcəyik”.
“Son qələbə qabaqdadır. İran istənilən təcavüzə qətiyyətlə və tərəddüd etmədən cavab verəcək”, - spiker bildirib.
Qalibaf eyni zamanda İran və ABŞ arasında müharibənin davam etdiyini vurğulayıb.
Beynəlxalq siyasət üzrə mütəxəssis və təhlükəsizlik araşdırmaçısı İsmayıl Cingöz Sherg.az-a ABŞ-İran arasında davam edən gərginlikdən və Qalibafın açıqlamasından danışıb:
"İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibafın “istənilən hücuma gecikmədən cavab verəcəyik” və “qəti qələbə yaxındır” ifadələri, ilk növbədə İranın çəkindirmə strategiyasının hissəsi kimi oxunmalıdır. Bu cür açıqlamalar yalnız xarici aktorlara və İranın dəstəklədiyi proksi qüvvələrə deyil, eyni zamanda İran ictimaiyyətinə və dövlət qurumlarına da ünvanlanmış mesajdır.
İran rəhbərliyi uzun illərdir təhlükəsizlik doktrinasını “qarşılıqlı çəkindirmə” prinsipi üzərində qurur. Bu səbəbdən Tehran özünə qarşı hərbi təzyiqin qiymətini artırmağa çalışır və istənilən hücumun cavabsız qalmayacağını vurğulayır. Qalibafın açıqlaması da bu strateji xəttin davamıdır.
Bununla yanaşı, İran ilə Amerika Birləşmiş Ştatları arasında mövcud gərginliyin tammiqyaslı müharibəyə çevrilməsi hər iki tərəf üçün olduqca baha başa gələcək. Buna görə də Qalibafın “müharibə davam edir” ifadəsi klassik mənada dövlətlərarası açıq müharibə vəziyyətindən daha çox proksi aktorlar, kiber əməliyyatlar, iqtisadi sanksiyalar, kəşfiyyat fəaliyyəti və məhdud hərbi toqquşmalar vasitəsilə aparılan uzunmüddətli güc mübarizəsinə işarə edir".
Ekspert bildirib ki, Türkiyə və Azərbaycan baxımından İran-ABŞ gərginliyinin artması, Cənubi Qafqaz və Yaxın Şərqdəki geosiyasi tarazlıqlara birbaşa təsir göstərə biləcək inkişafdır:
"Mümkün böhran enerji təchizatının təhlükəsizliyi, nəqliyyat dəhlizləri, regional ticarət həcmi və sərhəd təhlükəsizliyi üzərində yeni risklər yarada bilər. Xüsusilə Xəzər hövzəsi ilə Avropa arasında enerji və logistika körpüsü rolunu oynayan Türkiyə və Azərbaycan regional qeyri-sabitliyin iqtisadi və strateji nəticələrini yaxından hiss edə biləcək ölkələr sırasındadır. Bu səbəbdən hadisələrin təsirlərini Ankara və Bakı diqqətlə izləyir.
Qlobal miqyasda qiymətləndirildikdə isə İran-ABŞ gərginliyinin dərinləşməsi enerji qiymətlərində dalğalanmalara, beynəlxalq ticarət marşrutlarında qeyri-müəyyənliklərə və böyük güclər arasındakı rəqabətin daha da sərtləşməsinə səbəb ola bilər. Buna görə də Qalibafın açıqlamaları yalnız hərbi mesaj deyil, eyni zamanda regional və qlobal aktorlara yönəlmiş strateji və siyasi xəbərdarlıq xarakteri daşıyır".
Analitik qeyd edib ki, Qalibafın açıqlaması İranın geri addım atmayacağı mesajını verməyə yönəlmiş sərt siyasi ritorikadır:
"Lakin bu açıqlama yaxın perspektivdə genişmiqyaslı İran-ABŞ müharibəsinin qaçılmaz olduğu anlamına gəlmir. Mövcud mənzərə daha çox nəzarət olunan gərginliyin, qarşılıqlı çəkindirmənin və regional nüfuz uğrunda mübarizənin davam edəcəyinə işarə edir. İran rəhbərliyi bir tərəfdən qətiyyət görüntüsü yaratmağa çalışarkən, digər tərəfdən birbaşa və genişmiqyaslı hərbi qarşıdurmanın xərclərini də nəzərə alır".
Müsahibimiz vurğulayıb ki, Qalibafın açıqlamaları İranın çəkindirmə doktrinasının aktual təzahürüdür:
"Tehran hücumlara cavab verəcəyini vurğulayaraq həm rəqiblərinə mesaj göndərir, həm daxili ictimaiyyətə, həm də İranın dəstəklədiyi proksi qüvvələrə İranın müqavimət potensialını nümayiş etdirməyə çalışır. Lakin bu ritorika hazırkı mərhələdə birbaşa və genişmiqyaslı İran-ABŞ müharibəsindən daha çox, davam edən strateji güc mübarizəsinin sərtləşdiyinə işarə edir".