Qərb yaşıl işıq yandırsa, Rza Pəhləvi İranda yenidən nüfuz qazana bilər - ŞƏRH

  • “İranın teokratik rejimi Qərb üçün artıq zərərli hesab olunur”

İranda hakimiyyət dəyişikliyi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Ölkənin sonuncu şahının oğlu Rza Pəhləvi mövcud hakimiyyətin əvvəlkindən daha zəif olduğunu bildirərək iranlıları dəyişiklik kampaniyasına qoşulmağa çağırıb.

O, İran rejimini devirmək və ölkəni idarə etmək üçün planlarının hazır olduğunu açıqlayıb. Bu planlara təhlükəsizliyin və sabitliyin qorunması, əsas azadlıqların təmin edilməsi, eləcə də vətəndaşların zəruri ehtiyaclarının ödənilməsi daxildir. Pəhləvi ölkədəki iqtisadi və təhlükəsizlik problemlərinə görə əsas məsuliyyətin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzərinə düşdüyünü vurğulayıb. O, eyni zamanda, hərbçilərə, polisə və təhlükəsizlik qüvvələrinə xalqa qoşulmaq çağırışı edib, bu addımı atanlara toxunulmazlıq vəd olunduğunu, repressiyalarda iştirak edənlərin isə qanun qarşısında cavab verməli olacağını bildirib. Pəhləvinin bu müraciəti fonunda əsas diqqət onun çağırışlarının ölkə daxilində nə dərəcədə dəstək qazanacağına və İranda mümkün hakimiyyət dəyişikliyinin hansı nəticələrə gətirib çıxaracağına yönəlir.

Mövzü ilə bağlı politoloq Turan İrfan Sherg.az-a bildirib ki, Rza Pəhləvinin hakimiyyət dəyişikliyi planının qarşısında müxalifətin parçalanması və təhlükəsizlik qüvvələrinin mövqeyi dayanır:

“İranın sonuncu şahının oğlu Rza Pəhləvinin hakimiyyət dəyişikliyi kampaniyası, hərbçilərə çağırışları və keçid dövrü planları həm İranın daxili dinamikası, həm də Yaxın Şərqdəki regional təsirlər baxımından aktual mövzulardan biri kimi geniş diqqət çəkir. Pəhləvinin İranda mövcud iqtisadi böhran və sosial narazılıqlardan qaynaqlanan rejim əleyhinə əhval-ruhiyyədən faydalanmaq istədiyi əvvəlcədən bəllidir. Lakin onun ölkə daxilində mütəşəkkil bir şəbəkəyə və ya kütləvi, vahid idarə olunan dəstəyə sahib olub-olmaması sual altındadır. Lakin belə bir dəstək qüvvələrin formalaşması da mümkündür. İran daxilində və xaricində fəaliyyət göstərən müxalif qruplar məsələn, solçular, respublikaçılar, etnik azlıqların təmsilçiləri arasında Pəhləvi monarxiyasının bərpasına və ya onun liderliyinə qarşı ciddi fikir ayrılıqları mövcuddur. Bu pərakəndəlik çağırışların ümummilli bir hərəkata çevrilməsini çətinləşdirir. Pəhləvinin xalqın tərəfinə keçənlərə toxunulmazlıq vəd etməsi, rejim daxilində parçalanma yaratmağa yönəlmiş klassik bir strateji addımdır. Lakin İranın təhlükəsizlik sistemi ikiqat struktura malikdir. Müntəzəm Ordu və İslam İnqilabı Keşikçiləri Korpusu. Eyni zamanda SEPAH-ın və onun nəzdindəki Bəsic qüvvələrinin ideoloji olaraq rejimə sıx bağlı olması, həmçinin ölkə iqtisadiyyatında böyük paya sahib olması, bu qüvvələrin kütləvi şəkildə müxalifət tərəfə keçmə ehtimalını azaldır. Çağırışlar daha çox müntəzəm ordu daxilindəki sıravi əsgərlər və ya siyasi proseslərdən narazı olan kiçik qruplar arasında qismən tərəddüd yarada bilər, lakin sistemli bir keçid üçün daxili böhranın daha da dərinləşməsi şərtdir”.

Müsahibimizin sözlərinə əsasən, Pəhləvinin keçid planı İranda idarəetmə boşluğu və regional qeyri-sabitlik riski yarada bilər:

“Pəhləvi təhlükəsizliyin qorunması, əsas azadlıqların təmin edilməsi və vətəndaşların ehtiyaclarının ödənilməsini nəzərdə tutan planının olduğunu bildirir. O, həmçinin ABŞ ilə münasibətlərin bərpasını, İsrailin tanınmasını və nüvə proqramının dayandırılmasını hədəfləyir. İranda 45 ildən artıqdır mövcud olan teokratik institutların və geniş bürokratik aparatın birdən-birə ləğvi və ya əvəzlənməsi böyük idarəetmə və təhlükəsizlik boşluğu yarada bilər. Xaricdən idarə olunan keçid hökuməti planlarının yerli icmalar, etnik qruplar və daxili siyasi elita tərəfindən necə qəbul ediləcəyi qeyri-müəyyəndir və bu durum ölkəni vətəndaş müharibəsinə və ya xaos fəsadlarına sürükləyə bilər. Pəhləvinin planlaşdırdığı ssenari reallaşarsa, İranın bölgədəki proksi şəbəkələrinə yəni, Livan Hizbullahı, Yəmən husiləri, İraqdakı şiə qruplaşmalarına verdiyi maliyyə və hərbi dəstək kəsiləcək. Bu, Yaxın Şərqdə güc balansının kəskin şəkildə dəyişməsinə və regionun ən böyük geosiyasi münaqişə oxlarından birinin yox olmasına səbəb ola bilər. İranın İsraili dərhal tanıması və ABŞ ilə yaxınlaşması regionda tamamilə yeni bir təhlükəsizlik arxitekturasının formalaşması deməkdir. Bu vəziyyət ərəb dövlətləri, İsrail və yeni İran arasında birgə iqtisadi və strateji tərəfdaşlıqlara qapı aça bilər. Digər tərəfdən, keçid dövründə İranda yarana biləcək qeyri-sabitlik regional qaçqın böhranına və sərhəd təhlükəsizliyi problemlərinə də yol aça bilər”.

Politoloq qeyd edib ki, Rza Pəhləvinin İranda yenidən nüfuz qazanması Qərbin dəstəyindən asılı ola bilər:

“Rza Pəhləvinin çağırışları regional gərginliyin artdığı və İran rejiminin zəiflədiyi bir dövrdə diplomatik və psixoloji təsir aləti rolunu oynayır. Lakin bu planların uğuru daxili təhlükəsizlik qüvvələrinin real davranışından və daxildəki pərakəndə müxalifət qruplarının vahid bir cəbhədə birləşmək qabiliyyətindən asılıdır. ABŞ-ın rəsmilərindən birinin vaxtilə şah rejimini onların devirərək Xomeynini hakimiyyətə gətirdiklərini etiraf etmələri bu prosesləri bir qədər də aktivləşdirə bilər. Çünki həmin vaxt şahın devrilib teokratik sistemin qurulması Qərb üçün əlverişli və vacib idisə indiki dövrdə tam bunun əksi lazımdır. Çünki həmin zamanda regionda güclənməkdə olan İraqa qarşı yalnız məzhəb ideologiyasını əsas götürən teokratik rejim savaşıb onu zəiflədə bilərdi ki, bu da oldu. Ancaq indi Qərbin özünün təsis etdiyi teokratik sistem zamanı keçmiş və zərərli hesab olunur. Bir sözlə, əgər Rza Pəhləviyə Qərb tərəfindən yaşıl işıq yandırılsa və dəstək olsa şübhəsiz ki, onu İranda yenidən nüfuz qazanmasına da nail oluna bilər”.