- Xəyal Bəşirov: “BMT-nin fəaliyyəti dünyada hökm sürən xaosun əsas səbəblərindən biridir”
BMT və onun Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsindəki rolu, qəbul edilən qətnamələrin icrasız qalması son illər yenidən müzakirə mövzusuna çevrilib. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul edilmiş qətnamələrin uzun illər yerinə yetirilməməsi beynəlxalq təşkilatların qərarlarının effektivliyi və beynəlxalq hüququn tətbiqində ikili standartlar məsələsini gündəmə gətirir.
Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının iclasında bu problemi BMT-nin Baş katibi Antonio Quterreşin diqqətinə çatdırması da mövzunun aktuallığını bir daha göstərir. Azərbaycan uzun illər münaqişənin dinc yolla həllinə çalışsa da, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə icra olunmadı. Nəticədə, Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu təcrübə BMT-nin qərarlarının icrasını təmin edən mexanizmlərin nə dərəcədə işlək olması və təşkilatın beynəlxalq münaqişələrə münasibətdə məsuliyyəti ilə bağlı ciddi suallar yaradır.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti beynəlxalq mötəbər tədbirlərdə çıxışları zamanı Ermənistanın işğal siyasəti və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunmaması məsələsini dəfələrlə gündəmə gətirib.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı dörd qətnamə qəbul etsə də, bu sənədlərin heç biri icra olunmayıb: “ Nəticədə, Azərbaycan ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası, tarixi ədalətin təmin edilməsi və sülhə nail olunması uğrunda hərbi əməliyyatlar aparmaq məcburiyyətində qalıb. Prezident İlham Əliyevin bu məsələni beynəlxalq platformalarda yenidən gündəmə gətirməsi təsadüfi deyil. Çünki beynəlxalq münaqişələrə münasibətdə fərqli yanaşmalar müşahidə olunur. Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyaya qarşı müxtəlif sanksiyalar tətbiq edildiyi, İranla bağlı da məhdudlaşdırıcı tədbirlərin gündəmə gəldiyi halda, Ermənistanın Azərbaycanın ərazilərini uzun illər işğal altında saxlamasına və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra edilməməsinə baxmayaraq, İrəvana qarşı analoji sanksiyalar tətbiq olunmayıb”.
X.Bəşirovun fikrincə, BMT Baş Assambleyasının qətnamələri və Baş katibin müxtəlif çıxışları da Ermənistanın işğal siyasətinin nəticələrinin aradan qaldırılmasını təmin etməyib:
“Bu vəziyyət Azərbaycanda beynəlxalq hüququn tətbiqinə və beynəlxalq təşkilatların obyektivliyinə dair haqlı suallar doğurub. Azərbaycan tərəfi beynəlxalq münasibətlərdə ikili standartlar problemini dəfələrlə gündəmə gətirib və Prezident İlham Əliyevin bu istiqamətdəki çıxışları həmin mövqenin davamıdır. O baxımdan hesab edirəm ki, BMT-nin fəaliyyət mexanizminin səmərəsizliyi və ya müəyyən mənada iflic vəziyyətinə düşməsi bu gün dünyada hökm sürən xaosun əsas səbəblərindən biridir. BMT başda olmaqla, beynəlxalq təşkilatlar çoxsaylı qərarlar və qətnamələr qəbul etsələr də, onların icrası məsələsində ciddi problemlər mövcuddur. Qərarların həyata keçirilməsi çox vaxt böyük güclərin maraqlarından asılı vəziyyətə düşür. Həmin qərarlar nüfuzlu dövlətlərin maraqlarına uyğun gəldikdə icra edilir, uyğun gəlmədikdə isə kağız üzərində qalır. Bu gün beynəlxalq hüququn işlək mexanizmlərinin olmaması, eləcə də beynəlxalq təsisatların baş verən proseslərə təsirsiz yanaşması dünyada münaqişələrin və gərginliklərin qarşısının alınmasını çətinləşdirir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq tədbirlərdə bu problemləri gündəmə gətirərək beynəlxalq hüququn aliliyinə və qəbul edilən qərarların icrasına çağırış edib. Dövlət başçısının BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamələrinin icra olunmaması məsələsini BMT-nin Baş katibi Antonio Quterreşin diqqətinə çatdırması da beynəlxalq sistemdəki bu ziddiyyətlərə diqqət çəkmək baxımından əhəmiyyətlidir”.
X. Bəşirov qeyd edib ki, dünyada yeni düzənin formalaşdığı indiki mərhələdə beynəlxalq təsisatların yenilənməsi və ya yeni beynəlxalq qurumların yaradılması məsələsi aktuallaşır:
“Azərbaycan Prezidentinin bu problemi davamlı şəkildə gündəmə gətirməsi və imkan düşdükcə öz mövqeyini ifadə etməsi də məhz bu zərurətdən irəli gəlir. Beynəlxalq təşkilatların mövcud problemlərə təsirli müdaxilə edə bilməməsi ayrı-ayrı münaqişələrin uzun illər həll olunmamış qalmasına səbəb olur. Vaxtilə Qarabağ münaqişəsinin onilliklər ərzində həll edilməməsi də bunun bariz nümunələrindən biridir. Əgər beynəlxalq hüquq normaları və qəbul edilən qərarlar ardıcıl şəkildə tətbiq olunmursa, o zaman dünyada hüququn aliliyindən və qanunların hamı üçün eyni dərəcədə işləməsindən danışmaq çətinləşir”.