Regionu müharibəyə çəkmək planının arxasında SEPAH dayanır - TƏHLİL

Asif Nərimanlı: "İran münaqişənin coğrafiyasını genişləndirmək üçün Azərbaycan və Türkiyəni hədəfə alır”

Dünya mediası İsrail və ABŞ nin İrana hücumlarını, suverenliyin pozulması kimi qiymətləndirərkən, Tehranın Azərbaycan və Türkiyəni hədəf alması, ölkənin beynəlxalq imicinə ciddi zərbə vurdu. İran ordusunun Yaxın Şərqdə ABŞ hərbi bazalarına ev sahibliyi edən ölkələri potensial hədəf kimi görməsi, başadüşüləndir. Lakin ərazisindən İrana qarşı istifadə olunmasına icazə verməyən qonşu dövlətlərin raket və dron hücumlarına məruz qalması qəbuledilməzdir.

Rəsmi Tehran Azərbaycana atılan dronların İran ordusuna məxsus olmadığını iddia edərək, hadisənin araşdırılacağını bildirsə də, hələlik yekun nəticə yoxdur. Ötən gün yenidən Türkiyəyə yönələn ballistik raketin məhv edilməsindən sonra, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkian ilə telefon danışığı apardı. Danışıq zamanı Pezeşkian ABŞ və İsrailin İranın qonşuları ilə münasibətlərində gərginlik yaratmağa çalışdığını qeyd edib. Bu arqument Tehran tərəfindən tez-tez səsləndirilən geosiyasi izah olsa da, qonşu ölkələr üçün əsas məsələ təhlükəsizlik və ərazi toxunulmazlığıdır.

Tehranın qonşu ölkələri hədəf alan addımları hansı məqsədlərə xidmət edir?

Mövzu ilə bağlı politoloq Asif Nərimanlı Sherg.az-a bildirib ki, Azərbaycan və Türkiyənin hədəfə alınması, İranın müharibə şəraitində seçdiyi taktiki yanaşmanın tərkib hissəsidir: 

“İran iki istiqamətdə hərbi və siyasi təzyiqlərlə üzləşdiyi üçün qonşu ölkələri prosesə cəlb etməklə, münaqişənin coğrafiyasını genişləndirməyə çalışır. Rəsmi Tehran, regionda Amerikanın hücumlarına qarşı “müxalif mövqe” formalaşdırmaq istəyir. Buna xarici siyasətdə, “strateji çəkindirmə” taktikası deyilir. Rəsmi Tehran region və qonşu ölkələrini müharibəyə cəlb etməklə, həmin ölkələrin, Amerikanın İrana hücumlarını dayandırmasını tələb edəcəklərini düşünür. Onlar hesab edirlər ki, yalnız bu halda, Vaşinqton regiondakı tərəfdaşlarının zərər görməməsi üçün İranla bağlı siyasətini dəyişə bilər”. 

Politoloqun sözlərinə görə, region ölkələrinin müharibəyə cəlb olunması strategiyasının arxasında birbaşa SEPAH dayanır:

“Əslində, bu plan İrana hücum ehtimalına qarşı, əvvəlcədən hazırlanıb. Digər səbəb isə müharibənin gedişatında ortaya çıxan amildir. Zaman keçdikcə, İranın daxili siyasi idarəetmə sistemində koordinasiya və nəzarət mexanizmləri zəifləyir. İranın Prezidenti Məsud Pezeşkian qonşu ölkələrə hücumları dayandırdıqlarını desə də, ölkədə əsas qərarverici qüvvə SEPAH-dır. Xüsusən də Xamneinin ölümündən sonra yeni liderin seçilməsinə qədərki dövrdə, idarəçiliyi məhz SEPAH həyata keçirirdi”. 

A.Nərimanlının sözlərinə görə, Möctəba Xamneinin yeni ali dini lider seçilməsindən sonra da hərbi-siyasi müstəvidə qərarverici funksiya SEPAH-ın əlindədir:

“Bütün bunlara nəzərən, Pezeşkianın Türkiyə ilə Azərbayacanı hədəfə almadıqlarını bildirməsi, qəbuledilməzdir. Onlar diqqəti yayındırmaq üçün hücumu ABŞ və İsrailin üzərinə yıxmağa çalışırlar. Raket və dronların mənbəyinin İran olduğu açıq-aşkar görünür. Hücumların təxribat xarakterli olub-olmaması, və ya müəyyən casus şəbəkəsi tərəfindən planlaşdırılması məsələsi birbaşa İranın problemidir. Amerika və İsrail mövzusunu ön plana çıxarmaq, yalnız məsuliyyətdən qaçmaq cəhdidir. Rəsmi Tehran bütün məsələləri araşdıraraq, yekun nəticə barədə Azərbaycanla Türkiyəyə cavab verməlidir”.