Rəşad Məcid: Böyük sosial şəbəkələrin nümayəndəliklərinin açılması vacibdir

"Müzakirə edilən qanun layihəsinin icrası uşaqların sosial şəbəkələrin zərərli təsirlərdən qorunması məsələsində həmin platformalardan hüquqi baxımdan məsuliyyət tələb edəcək".

APA xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsinin ictimai müzakirəsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu məsələyə diqqət çox vacib və lazımlıdır: “Burada uşaqların sosial şəbəkələrdən istifadə məsələsi gündəmdədir və qanunda nəzərdə tutulur ki, gələcəkdə 16 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər qoyulsun. Bununla bağlı, əlbəttə ki, dünyada fəaliyyət göstərən böyük şirkətlərin, platforma provayderlərinin, sosial şəbəkələrin Azərbaycanda nümayəndəliklərinin açılması vacibdir. Bu qanun artıq ictimaiyyət tərəfindən yaxşı qarşılanıb və çox güman ki, qanun qəbul olunduqdan sonra dünyada fəaliyyət göstərən böyük şirkətlər, böyük platforma provayderləri Azərbaycanda fəaliyyət göstərəcəklər, nümayəndəlik açacaqlar”.