Robert Koçaryan: Aİ Ermənistanda baş verən pozuntulara göz yumur

Ermənistanın sabiq prezidenti və Ermənistan Blokunun lideri Robert Koçaryan Avropa İttifaqını ölkədə keçirilən parlament seçkilərindəki pozuntulara susqun qalmaqda ittiham edib.

Sherg.az xəbər verir ki, Koçaryanın sözlərinə görə, əgər 2026-cı il seçkilərində müşahidə olunan hallar əvvəlki illərdə baş versəydi, Avropa ölkələri bunu ciddi problem kimi qiymətləndirərdi. O bildirib ki, Avropa institutları ikili standartlardan çıxış edir və hadisələrə kimin səbəb olmasından asılı olaraq fərqli münasibət göstərirlər.

Sabiq prezident iddia edib ki, bu yanaşma nəticəsində Avropa bürokratiyası Ermənistanda avtoritar meyllərin güclənməsinə şərait yaradır.

Koçaryan seçkilərin ən mübahisəli məqamlarından birinin Mərkəzi Seçki Komissiyasının qərarı nəticəsində "Çiçəklənən Ermənistan" Partiyasının parlamentdən kənarda qalması olduğunu bildirib. Onun fikrincə, seçki prosesində inzibati resurslardan geniş istifadə olunub, təzyiqlər, həbslər və cinayət işləri ilə müşayiət olunan görünməmiş pozuntular baş verib.

Xatırladaq ki, iyunun 7-də keçirilən parlament seçkilərinin rəsmi nəticələrinə əsasən, hakim "Vətəndaş Müqaviləsi" Partiyası 49,7 faiz səslə 64 mandat qazanıb. “Güclü Ermənistan” bloku 29, “Ermənistan” bloku isə 12 mandat əldə edib. “Çiçəklənən Ermənistan” Partiyası isə 4 faizlik seçki baryerini cüzi fərqlə keçə bilməyib.