Rubionun İrəvana qəfil səfərinin sirri açıldı: ABŞ Paşinyana açıq dəstək verir - ŞƏRH

"Vaşinqton Ermənistanı öz orbitində saxlamaq istəyir"

ABŞ dövlət katibi Marko Rubio sabah Ermənistana səfər edəcək.

Bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb. Bildirilib ki, səfər çərçivəsində mediaya bəyanatlar, eləcə də iki ölkə arasında sənədlərin imzalanması gözlənilir. Bundan əvvəl belə bir səfərin planlaşdırılması barədə məlumat yayılmamışdı.

Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev Sherg.az-a bildirib ki, Ermənistanda parlament seçkilərinə az müddət qaldığı bir dövrdə ABŞ dövlət katibi Marko Rubionun İrəvana plansız səfəri təsadüfi sayıla bilməz və bu addımın arxasında ciddi geosiyasi maraqlar dayanır. Professorun sözlərinə görə, son aylarda Ermənistanda Rusiyayönümlü siyasi qüvvələrin aktivləşməsi Vaşinqtonda ciddi narahatlıq doğurur:

“Rəsmi Moskva Nikol Paşinyanın Qərbə inteqrasiya siyasətindən açıq şəkildə narazıdır və bu narazılıq artıq seçki prosesinə birbaşa təsir cəhdləri ilə müşahidə olunur. Rusiya öz dezinformasiya şəbəkələri, media resursları və hətta süni intellekt texnologiyalarından istifadə etməklə Paşinyan hakimiyyətinə qarşı geniş əks-təbliğat aparır. Paralel olaraq, sabiq prezident Robert Köçəryana və digər radikal revanşist qüvvələrə siyasi və maliyyə dəstəyi göstərilir”.

V. Abdullayev hesab edir ki, ABŞ-ın bu səfərlə əsas məqsədi Ermənistanda Rusiyanın təsir imkanlarını zəiflətmək və Paşinyan hakimiyyətinə siyasi dəstək nümayiş etdirməkdir: “Bu baxımdan, M. Rubionun bu səfərini 7 iyun seçkiləri öncəsi anti-Rusiya siyasi layihəsinin tərkib hissəsi kimi qiymətləndirmək olar. Vaşinqton açıq şəkildə Nikol Paşinyanın simasında Ermənistanı öz geosiyasi orbitində saxlamaq niyyətini nümayiş etdirir. ABŞ anlayır ki, Ermənistanda hakimiyyət dəyişikliyi və ya Rusiyayönlü qüvvələrin güclənməsi regiondakı Qərb strategiyasına ciddi zərbə vura bilər”.

Professor qeyd edib ki, səfər çərçivəsində ABŞ və Ermənistan arasında yeni sənədlərin imzalanması və siyasi bəyanatların verilməsi də gözlənilir: “Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan artıq bəzi sənədlərin imzalanacağını təsdiqləyib. Bu isə göstərir ki, səfər təkcə diplomatik xarakter daşımır, eyni zamanda ABŞ-Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi də qiymətləndirilə bilər”.

V. Abdullayev hesab edir ki, Marko Rubionun səfəri çərçivəsində erməni cəmiyyətinə Qərbə inteqrasiya ilə bağlı konkret siyasi və iqtisadi mesajlar veriləcək: “Vaşinqton Ermənistan ictimaiyyətinə sərbəst viza rejimi, azad ticarət imkanları, iqtisadi layihələr və sosial rifah sahəsində dəstək vədləri təqdim etməklə Paşinyan hakimiyyətinin mövqelərini gücləndirməyə çalışacaq. Bu mesajlar həm praktiki, həm də təşviqat xarakteri daşıyır. Məqsəd Nikol Paşinyanın elektoratını qorumaq və seçki öncəsi onun ictimai dəstəyini artırmaqdır. ABŞ Ermənistanda Qərbyönlü kursun davam etməsində maraqlıdır və bu istiqamətdə açıq siyasi dəstək nümayiş etdirir”. Professor vurğulayıb ki, ABŞ-Ermənistan münasibətlərinin inkişafı və Paşinyan hakimiyyətinin mövqelərinin güclənməsi Azərbaycan üçün də müəyyən mənada əhəmiyyətlidir: “Çünki Nikol Paşinyanın seçkilərdə qalib gəlməsi Azərbaycan-Ermənistan münasibətlərində birbaşa siyasi dialoqun davam etməsi baxımından vacibdir. Bu, tərəflər arasında formalaşan sülh gündəliyinin və qarşılıqlı etimadın qorunmasına, həmçinin Vaşinqton Bəyannaməsində nəzərdə tutulan müddəaların icrasına müsbət təsir göstərə bilər”.