Rusiya Ermənistana yeni səfir təyin etdi

Rusiya və Ermənistan tezliklə diplomatik nümayəndəliklərinin rəhbərlərini dəyişəcək.

Teleqraf xəbər verir ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin və Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan öz missiyalarını başa vuraraq vətənlərinə qayıdacaqlar.

“Euromedia24”ün məlumatına görə, Aleksandr Sternik Rusiyanın İrəvandakı səfirliyinə rəhbərlik edəcək, Samvel Mkrtçyan isə Ermənistanı Moskvada təmsil edəcək. Təyinatlarla bağlı rəsmi açıqlama gözlənilir.

Sergey Kopırkin 2018-ci ildən bəri Rusiyanın Ermənistandakı səfirliyinə rəhbərlik edir. Onun yerinə təyin olunmuş Aleksandr Sternik Rusiya Xarici İşlər Nazirliyində uzun illər iş təcrübəsi olan diplomatdır. O, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Üçüncü Departamentinə rəhbərlik edir.

Qurgen Arsenyanı əvəz edəcək Samvel Mkrtçyan karyera diplomatıdır. O, əvvəllər Ermənistanın Polşadakı səfiri, NATO-dakı Ermənistan nümayəndəliyinə və Ermənistan Xarici İşlər Nazirliyinin Avropa departamentinə rəhbərlik edib.

Qeyd olunub ki, səfirlərin qarşılıqlı dəyişdirilməsi Moskva-İrəvan münasibətlərinin həssas dönəminə təsadüf edir: “Diplomatik missiyaların yeni rəhbərlərinə iki ölkə arasında əsaslı dialoq aparmaq, fikir ayrılıqlarını aradan qaldırmaq və praktiki əməkdaşlığı inkişaf etdirmək tapşırılacaq. Hazırkı səfirlərin missiyalarının başa çatması və yeni səfirlərin səlahiyyət müddətlərinin başlaması tarixləri hələ rəsmi olaraq açıqlanmayıb”.