Rusiya Ermənistanda hakimiyyəti dəyişmək üçün ölüm-dirim savaşına çıxıb - RƏY

Moskvanın bütün bu ssenarilərinin necə baş tutacağını demək çətindir

Cənubi Qafqazda davamlı sabitlik sülhə bağlıdır. Təəssüf ki, Rusiya Ermənustanda revanşist qüvvələrə dəstək verməklə sülh prosesinə mane olmağa və yenə də Cənub Qafqazda söz sahibi olmağa səy göstərir. Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Ermənistanda seçki yaxınlaşdıqca iştirakçı tərəflər arasında münasibətlər daha da kəskinləşir: 

- Rusiya Ermənistanda öz adamını yenidən hakimiyyətə gətirmək istəyir. Ötən seçkidə, 2021-ci ilin iyun ayında keçirilmiş parlament seçkisində oxşar ssenarilər ortada olub. Amma o zaman Robert Koçaryanın təmsil olunduğu partiya uğur qazana bilmədi. Müşahidələr göstərir ki, bu dəfə Rusiya sadiq qullarını hakimiyyətə gətirmək üçün ölüm-dirim savaşına çıxıb. Moskvanın bütün bu ssenarilərinin necə baş tutacağını demək çətindir. Lakin Rusiya yaratdığı sosial-iqtisadi çətinliklərə, slavyan qardaşı ukraynalılara qarşı apardığı qəddar müharibəyə və digər ölkələri təhdid obyektinə çevirdiyinə görə, öz içərisindən dağılmaqdadır. Keçmişə nəzər salsaq görərik ki, Rusiyada tarixiən saray çevrilişləri çox olub. İndi bunun baş verib-verməyəcəyini demək çətindir. Amma işsizlərin, yoxsulların sayı artdıqca təhlükə də artır. Kütlənin gücünü və nə edə biləcəyini hesablamaq olmur. Normal cəmiyyətlərdə kütlənin gücü nəzərə alınır. Bütün bu problemləri həll etmək əvəzinə Rusiyanın hədəfi Cənubi Qafqazdır, Türküstandır, digər ərazilərdir. İmperiya iddiaları, dünyada ağalıq etmək istəkləri bu ölkənin süqutunu sürətləndirəcək. Nəhayət ki, bu gün Ermənistanda meydan sulayan və Azərbaycana barmaq silkələyən Xocalı qatilləri Robert Koçaryanın, Serj Sarkisyanın, Seyran Ohanyanın və digərlərinin ədalət məhkəməsinə çıxarılması üzərində düşünməliyik. Yalnız düşünməməliyik, həm ciddi addımlar atmalıyıq. Cənubi Qafqazda  davamlı sabitlik, inkişaf, rifah üçün starteji hədəflər var. Bu, sülh müqaviləsindən başlayır. Münasibətlər elə tənzimlənməlidir ki, gələcək nəsillər hər hansı münaqişə elementi, erməni iddiaları, xarici güc mərkəzlərinin yarada biləcəyi asılılıq siyasəti ilə üzləşməsin.