Rusiya etibar olunası ölkə deyil - Natiq Miri

  • “Moskvadan gələn hər bir bəyanatın və fikrin arxasında gizli niyyətlər dayanır"
  • "Əgər Moskvadan gələn bir xoş söz varsa, inanın ki, o, sadəcə sıçan tələsindəki pulsuz pendirdir"

Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova növbəti dəfə, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətləri təhrif edib. İyulun 27-də Tver vilayətində keçirilən Gənclər Forumunda çıxış edən Zaxarova, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Qarabağ məsələsində fəaliyyətsizlikdə ittiham etməsini əsassız adlandırıb.

Zaxarovanın sözlərinə görə, Ermənistan vaxtilə KTMT mexanizmlərinin işə salınmasını tələb etsə də, bunun hansı əraziyə şamil edilməli olduğu aydın deyildi. “Söhbət Qarabağdan gedir. Halbuki Ermənistanın özü belə həmin ərazini nə müstəqil subyekt, nə də öz tərkib hissəsi kimi tanıyırdı”, - deyə Zaxarova bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə Zaxarovanı Rusiya-Ermənistan münasibətlərinə dair mövzuların Azərbaycanla əlaqələndirilərək şərh edilməsinə son qoymağa çağırıb. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət və Rusiya Qarabağı hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyıb. Yəni bu məsələni təkcə İrəvanın davranışı ilə izah etmək geostrateji reallığı yarımçıq görmək deməkdir. Gərgin hadisələrdən sonra Rusiya lideri Azərbaycan prezidentinə zəng edib.

Mövzu ilə bağlı politoloq Natiq Miri Sherg.az-a bildirib ki, Zaxarova ona aid olmayan məsələləri gündəmə gətirməyə öyrəşib:

“Zaxarovanın açıqlamasını mətbuat katibinin şəxsi rəyi qəbul etmək kökündən yanlışdır. Bu bəyanat birbaşa Rusiya XİN-in, daha geniş mənada isə Rusiya dövlətinin rəsmi mövqeyidir. Gəlin özümüzü aldatmayaq. Onlar hər zaman Azərbaycana qarşı qərəzli mövqedə dayanıb. Hətta 2020-ci il 44 günlük müharibə və ondan sonra baş verən hadisələri xatırlasaq, Rusiya bu günə qədər Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasını ona heç bir vəchlə bağışlamır. Paşinyanın bu mövqeyi mütəmadi olaraq erməni ictimaiyyətinə «xəyanət» kimi sırınır. Zaxarovanın bu günkü açıqlaması, Moskvanın əvvəlki mövqeyindən zərrə qədər də geri çəkilmədiyini bir daha sübut edir. Putinin, İlham Əliyevə zəngi də əslində üzrxahlıq xarakteri daşımır”. 

Politoloqun sözlərinə görə, Kreml hələ də münaqişənin Rusiyasız həll olunması reallığı ilə barışmır:

“Çünki 44 günlük müharibədən sonra Rusiyanın Qafqaz ölkələri üzərindəki təsir imkanları yox olub. Məhz buna görə eyni mövzu sınıq val kimi müxtəlif rakurslarda təkrar olunur. Azərbaycan Rusiyaya etibar etməməlidir. Rusiyanın vədlərinə inanan dövlət öz milli gücünü və müstəqil iradəsini inkar etmiş olur. Çünki Rusiyanın istənilən bir sənədə atdığı imza suya atılmış imzadır. «Rusiya» və «etimad» yan-yana gələ bilməyən, bir-birini inkaredən iki zidd anlayışdır. Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda «yalnız özünə güvənəcəksən» bəyanatı ilə Rusiyaya etimadın kökündən yanlış olduğunu izah etməyə çalışırdı. Bəli, güvənəcəyin yeganə dayağın öz dövlətin və cəmiyyətindir. Olmayan bir etimadı isə Zaxarovanın pozmaq imkanı yoxdur”. 

N.Miri qeyd edib ki, Rusiya etibar olunası ölkə deyil:

“Moskvadan gələn hər bir bəyanatın və fikrin arxasında gizli niyyətlər dayanır. Əgər Moskvadan gələn bir xoş söz varsa, inanın ki, o, sadəcə sıçan tələsindəki pulsuz pendirdir. Belə bir fikir var: "müftə şeylər adətən sıçan tələsində olur". Etimad olunmayan tərəfin birdən-birə xoş niyyətlərə sarılması, qarşı tərəfdə şübhələr yaratmalıdır. Ona görə burada narahat olacaq bir məqam yoxdur. Sadəcə, Zaxarova kimi şəxslər Azərbaycanın daxili işlərinə qarışan absurd fikirlər səsləndirdikcə, bunun cavabı həm dövlət, həm də Azərbaycan mediası səviyyəsində dərhal və qətiyyətlə verilməlidir”.