- Avropa silahlanır, Putin isə ən sərt ssenariyə hazırlaşır
Rusiya ilə Avropa ölkələri arasında münasibətlərdə artan gərginlik və mümkün hərbi qarşıdurma ilə bağlı müzakirələr beynəlxalq gündəmin diqqət mərkəzindədir. Tərəflərin hərbi hazırlıqları gücləndirməsi, müdafiə xərclərini artırması və qarşılıqlı sərt bəyanatları müharibə ehtimalı ilə bağlı narahatlıqları artırır.
Rusiya Prezidenti Vladimir Putinin iki tərəf arasında mümkün müharibənin qalibinin olmayacağı barədə xəbərdarlığı isə mövzunu yenidən gündəmə gətirib. Belə bir qarşıdurmanın mümkün səbəbləri, perspektivləri və nəticələri ilə bağlı müzakirələr davam edir.
Politoloq Elçin Xalidbəyli Sherg.az-a son vaxtlar Rusiya ilə Avropa ölkələri arasında müharibə ehtimalının daha intensiv şəkildə müzakirə olunmağa başladığını deyib:

"Hər iki tərəfdən bu mövzu ilə bağlı təhdidkar açıqlamalar səsləndirilir.
Avropanın əksər ölkələri Rusiya ilə mümkün müharibəyə hazırlaşır, hərbi-sənaye komplekslərini yenidən qurur, silah tədarükünü artırır və ən əsası, hərbi xərclərini yüksəldərək ordularını gücləndirirlər. Avropa ölkələri hesab edirlər ki, təxminən 2030-cu ilə qədər Rusiya ilə belə bir müharibə baş verə bilər. Hazırda bu ehtimala qarşı kifayət qədər hazırlıqlı olmadıqlarını düşünən Avropa dövlətləri ciddi hərbi hazırlıq prosesinə başlayıblar.
Rusiyanın bəzi təbliğatçıları da bu mövzuda əks-təhdidlərlə çıxış edirlər. Kremlə yaxın siyasi dairələr Avropa ölkələrini hətta nüvə zərbəsi ilə hədələyirlər. Belə görünür ki, hər iki tərəf bu məsələni kifayət qədər ciddi qəbul edir. Bu isə Rusiya ilə Avropa ölkələri arasında yaxın gələcəkdə müharibə ehtimalının artıq qətiyyən istisna edilmədiyini göstərir. Məsələnin bu qədər intensiv müzakirə olunması və mümkün müharibəyə hazırlıq prosesinin başlanması belə bir ssenarinin reallaşma ehtimalını gündəmə gətirir. Rusiyanın Prezidenti Vladimir Putin də artıq bu barədə danışmağa başlayıb".
Analitik Putinin mövqeyi barədə də fikir bildirib:
"Prezident Putinin mövqeyi ondan ibarətdir ki, Rusiya Avropa ölkələri ilə müharibə etmək niyyətində deyil. Lakin onun sözlərinə görə, Avropa ölkələri belə bir niyyət ortaya qoyarsa və müharibəyə başlamaq istəyərsə, Rusiya buna ən sərt şəkildə reaksiya verməyə hazırdır.
Bütün bunlar onu göstərir ki, tərəflər arasında münasibətlər getdikcə daha çox müharibə ritorikası üzərində qurulur. Bu isə dünya üçün daha genişmiqyaslı müharibə təhlükəsinin hələ də aktual olduğunu göstərir. Belə bir müharibə baş verərsə, onun yalnız ənənəvi silahlarla məhdudlaşmayacağı, nüvə silahlarından da istifadə oluna biləcəyi ehtimalı istisna edilmir".
Politoloq vurğulayıb ki, bu bəşəriyyət üçün son dərəcə qorxunc bir kataklizm demək olardı:
"Hələlik proses hazırlıq mərhələsindədir. Bu mərhələnin müharibə ilə nəticələnməməsi üçün hər iki tərəfin yenidən siyasi və diplomatik münasibətlər müstəvisinə qayıtması olduqca vacibdir".