- Müharibə aparmaq üçün cəmiyyətlərin və orduların hazırlığı da çox vacib amildir
- Avropa cəmiyyətləri 80 ildən artıqdır ki, nisbətən sabit və sülh şəraitində yaşamağa, yüksək sosial rifah səviyyəsinə alışıb
Rusiya Prezidenti Vladimir Putinin Avropa ilə mümkün müharibə barədə açıqlaması beynəlxalq təhlükəsizlik və hərbi balans məsələlərini yenidən gündəmə gətirib.
Rusiya ilə Avropa arasında hipotetik hərbi qarşıdurmanın mümkün nəticələri, tərəflərin hərbi potensialı və müasir müharibələrin xarakteri müzakirə mövzusuna çevrilib. Bu baxımdan, belə bir müharibənin nə dərəcədə real olduğu və tərəflərin hansı imkanlara malik olduğu diqqət çəkir.
Politoloq Oqtay Qasımov Sherg.az-a bildirib ki, Rusiya Prezidentinin Avropa ilə mümkün müharibə barədə səsləndirdiyi fikirlərdə müəyyən həqiqət payı var:
"Hazırda müharibələr elə bir formada aparılır ki, burada əsas rolu uzaqmənzilli raketlər, PUA sistemləri və hava üstünlüyü oynayır. Rusiyanın son beş ildə Ukrayna müharibəsindən çıxardığı müəyyən dərslər də var. Baxmayaraq ki, Rusiya Ukrayna ilə müharibədə kifayət qədər ciddi çətinliklərlə üzləşir, eyni zamanda özünün hərbi taktikasında və müharibənin aparılması qaydalarında müəyyən dəyişikliklər edib. Artıq Rusiyanın da kifayət qədər təsirli silah sistemləri mövcuddur.
Xüsusilə raket və PUA sistemləri baxımından Rusiyanın hazırda kifayət qədər böyük potensialı var".
Analitik vurğulayıb ki, Avropa ilə mümkün müharibədə, qarşıdurmanın qalibi olmayacaq:
"Doğrudur, Avropa ölkələrinin də hərbi potensialı kifayət qədər güclüdür və bir çox göstəricilərə görə Rusiyanı üstələyirlər. Lakin burada əsas məsələ yalnız hərbi potensial deyil. Müharibə aparmaq üçün cəmiyyətlərin və orduların hazırlığı da çox vacib amildir.
Avropa cəmiyyətləri 80 ildən artıqdır ki, nisbətən sabit və sülh şəraitində yaşamağa, yüksək sosial rifah səviyyəsinə alışıb. Bu baxımdan, onların müharibənin yaratdığı çətinliklərə və məhrumiyyətlərə dözümlülük səviyyəsi də mühüm müzakirə mövzusudur".
Politoloq Rusiya-Ukrayna münaqişəsini bu məsələyə mümkün təsirinin olduğunu söyləyib:
"Hazırda Avropada baş verən bir çox proseslərin arxasında da məhz Rusiya-Ukrayna müharibəsinin yaratdığı problemlər dayanır. Bütün bunları nəzərə alsaq, Putinin səsləndirdiyi fikirlərdə müəyyən həqiqət payının olduğunu söyləmək mümkündür".