- Müharibəsinin yaxın zamanda başa çatacağı gözlənilmir
Rusiya-Ukrayna müharibəsi beynəlxalq təhlükəsizlik sisteminə, regional münasibətlərə və qlobal iqtisadi proseslərə təsir göstərməkdə davam edir. Müharibənin dayandırılması istiqamətində aparılan diplomatik təmaslara baxmayaraq, tərəflər arasında fikir ayrılıqları qalmaqdadır. Cəbhədəki vəziyyət, qarşılıqlı hücumlar və tərəflərin siyasi mövqeləri münaqişənin gələcək perspektivlərini gündəmdə saxlayır.
Politoloq Elşad Həsənov Sherg.az-a sülhə nail olmağa mane olan əsas amilləri və müharibənin başa çatma ehtimalını dəyərləndirib:

"Rusiya-Ukrayna müharibəsi artıq beşinci ildir davam edir. Müharibənin dörd ildən çoxdur davam etməsinə baxmayaraq, vəziyyət getdikcə daha da mürəkkəbləşir. Son dövrlərdə, xüsusilə Ukraynanın Rusiyanın neft emalı zavodlarına və yanacaq infrastrukturuna zərbələr endirməsi, Rusiyanın isə buna cavab olaraq Kiyevi və Ukraynanın bir çox digər şəhərlərini ballistik raketlərlə vurması vəziyyəti daha da gərginləşdirir.
Trampın müharibəni dayandırmaq istiqamətindəki səyləri hələlik nəticə vermir. Onun nümayəndələrinin həm Rusiya, həm də Ukrayna ilə dəfələrlə görüşlər keçirməsinə baxmayaraq, müharibəni dayandırmaq hələlik mümkün olmayıb.
Bunun əsas səbəbi Rusiyanın müharibəni dayandırmağa razı olmamasıdır. Çünki Rusiya öz məqsədlərinə çatmaq üçün müharibəni davam etdirmək istəyir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Prezident Vladimir Putin dəfələrlə çıxışlarında bu barədə fikirlərini bildiriblər".
Politoloq bildirib ki, Rusiyanın hazırkı əsas məqsədi Donbası bütövlükdə işğal etmək və ya hələ işğal olunmamış ərazilərin Rusiyaya verilməsinə nail olmaqdır:
"Ötən il Ankoricdə Prezident Donald Trampla Vladimir Putin arasında danışıqlar aparılıb və Trampın bu məsələdə razılıq verdiyi bildirilir. Ancaq Ukrayna Prezidenti Volodimir Zelenski buna razı olmayıb. Buna görə də Ankoric razılaşması reallaşmayıb və müharibə daha da gərginləşib.
Son dövrlərdə Ukraynanın Rusiyaya endirdiyi ciddi zərbələr nəticəsində dünyada yanacağın qiyməti artmağa başlayıb. Bu, yalnız Rusiyanın yanacaq sektoru ilə bağlı deyil. Təbii ki, Hörmüz boğazının bağlanması da bu prosesə təsir göstərir.
Bu səbəbdən Trampın Zelenskidən Rusiyanın yanacaq sektoruna zərbələr endirməyi dayandırmağı tələb etdiyi bildirilir. Zelenski isə öz növbəsində Rusiyanın da bu hücumları dayandıracağı təqdirdə Ukraynanın eyni addımı atmağa hazır olduğunu bəyan edib. Zelenski hər iki tərəfin yanacaq sektoruna və yanacaq infrastrukturuna zərbələr endirməməsi ilə bağlı razılıq əldə olunduğunu bildirib.
Ancaq təəssüf ki, bu açıqlamadan bir neçə gün keçməsinə baxmayaraq, Rusiya yenə də zərbələr endirir. Ukrayna isə hələlik Rusiyanın yanacaq sektoruna hücum etməyib".
Ekspert qeyd edib ki, Rusiya qarşıya qoyduğu hədəflərə çatmadığı üçün müharibəni dayandırmaq istəmir:
"Avropa İttifaqı və ABŞ bu məsələdə təzyiq göstərməyə çalışsalar da, Rusiya müharibəni dayandırmır.
Rusiya müharibəni dayandırmaq qərarına yalnız cəbhədəki vəziyyəti öz xeyrinə dəyişdikdən və bunu qələbə kimi təqdim etmək imkanı əldə etdikdən sonra gələ bilər. Artıq bu barədə də müxtəlif məlumatlar yayılır.
Təbii ki, tərəflər arasında vasitəçilik rolunu indiyədək ABŞ həyata keçirib və bundan sonra da əsas vasitəçi rolunu oynayacağı gözlənilir. Hazırkı şəraitdə bu prosesdə ABŞ-dan başqa eyni imkanlara malik ikinci bir qüvvə görünmür.
Rusiya Avropa İttifaqını vasitəçi kimi qəbul etmir. Buna baxmayaraq, Avropa ölkələri də müharibənin mümkün qədər tez dayandırılması üçün çalışırlar. Onlar Ukraynaya gecə-gündüz dəstək göstərməyə və ölkənin müharibədə məğlub olmamasına nail olmağa çalışırlar.
Avropa ölkələri anlayırlar ki, Ukrayna müharibədə məğlub olarsa, növbəti hədəf özləri ola bilərlər. İlk növbədə Polşa, Baltikyanı ölkələr, Fransa və digər Avropa dövlətləri təhlükə ilə üzləşə bilərlər. Buna görə də onlar müharibənin tezliklə dayandırılmasına çalışırlar. Lakin hələlik buna nail ola bilmirlər".
Analitik vurğulayıb ki, hazırkı vəziyyətdə müharibənin yaxın zamanda başa çatacağı görünmür:
"Mövcud vəziyyət onu göstərir ki, Rusiya Donbası tamamilə ələ keçirmək istəyir. Ukraynanın nəzarətində qalan ərazilərin təxminən 19 faizinin bu bölgəyə aid olduğu, Rusiyanın isə hələ də Ukrayna ərazilərinin müəyyən hissəsinə nəzarəti ələ keçirə bilmədiyi bildirilir. Həmin torpaqlar ələ keçirilənədək Rusiyanın döyüşləri davam etdirməsi mümkündür. Bundan sonra isə Moskva özünü qalib elan edərək müharibəni dayandırmağa çalışa bilər. Bütün bunları nəzərə alsaq, Rusiya-Ukrayna müharibəsinin yaxın zamanda başa çatacağı gözlənilmir".