- “Bakı bu fürsətləri öz inkişafı üçün dəyərləndirməlidir”
Azərbaycan və Rusiya arasında əməkdaşlıq münasibətlərin gələcək inkişafı ilə bağlı verilən açıqlamalar iki ölkənin iqtisadi tərəfdaşlığının perspektivlərini bir daha ön plana çıxarıb. Rusiya Prezidenti Vladimir Putin oktyabrın 27-də Qaz İxrac edən Ölkələr Forumunun VIII sammitində çıxışı zamanı Azərbaycanın Moskva üçün etibarlı tərəfdaş olduğunu vurğulayıb və enerji, xüsusilə də qaz sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunub.
Putinin sözlərinə görə, Rusiya Türkiyəyə ildə təxminən 30 milyard kubmetr qaz tədarük edir. Bununla belə, Moskva Azərbaycanı Türkiyə qaz bazarında rəqib hesab etmir və iki ölkə arasında əməkdaşlığın inkişafında maraqlıdır. Bu açıqlama Azərbaycan-Rusiya enerji münasibətlərinin gələcək istiqamətləri və tərəflərin əməkdaşlıq imkanları ilə bağlı müzakirələri aktuallaşdırıb.
Mövzu ilə bağlı politoloq Fuad Abbasov Sherg.az-a açıqlamasında bildirib ki, Putin Azərbaycanın Rusiya üçün əhəmiyyətli iqtisadi tərəfdaş olaraq qalmasını təsdiqləyir:
“Rusiya Azərbaycanın şimal qonşusudur və tariximiz boyunca bizim iqtisadi əlaqələrimiz çox sıx olub. Əlbəttə ki, Azərbaycan xidmətlərinin Rusiya bazarındakı yeri çox cüzidir. Amma Moskva Azərbaycan üçün çox böyük bir bazardır. Kənd təsərrüfatı məhsulları üçün, təbii sərvətlərdən əldə edilmiş məhsulların ixracatı üçün Rusiya böyük bir bazardır. Siyasi məsələlərin yaranmış olan iqtisadi əlaqələrin gərginləşməsinə gətirib çıxara biləcəyi kimi risk var. Ələxsus da Ukrayna müharibəsinin davam etdiyi bir dönəmdə Azərbaycanın Ukraynanın torpaq bütövlüyünün suverenliyini tərəfdarı olması Rusiyanı müəyyən bir şəkildə Azərbaycandan uzaqlaşdırma riski var idi. Amma Putinin ən son açıqlaması onu göstərir ki, dövlət başcısı Azərbaycanı iqtisadi tərəfdaş kimi görməyə davam eləyir. Əlbəttə ki, Moskva üçün bu çox vacibdir, çünki qeyri-rəsmi olsa da hər kəs çox yaxşı bilir ki, bütün dünyada sanksiya ilə üzləşən Rusiya, Azərbaycanın mövcud boru xətləri vasitəsilə öz təbii zənginliklərini dünya bazarına çatdırmağa və beləcə də gəlir səviyyəsini müəyyən bir səviyyədə saxlamağa mail olmuşdur. Bu da ki, Azərbaycan üçün də müəyyən gəlir mənbəyidir. Baxmayaraq ki, siyasi cəhətdən Azərbaycan və Rusiyanın Ukraynanın torpaq bütövlüyünə baxışı fərqlidir. Amma iqtisadi cəhətdən əməkdaşlıq davam eləyir. Əlbəttə ki, Putinin bu açıqlaması birinci növbədə Azərbaycan üçün maraqlıdır. Bizim Moskva iqtisadiyyatında iştirakımız istər ixracat, istər idxalat olaraq çox cüzi bir miqdardır və bunu nəzərə alaraq Azərbaycan da Rusiyanın mövcud sanksiyalar dönəmindəki potensialını yüksək qiymətləndirməlidir. Rusiyadan gələ biləcək müəyyən təklifləri çox ciddi şəkildə gözdən keçirib, onları Azərbaycanın iqtisadi inkişafında bacarıqla istifadə etmək lazımdır”.
Müsahibimizin fikrinə görə, Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığı Türkiyə və Avropa İttifaqının da maraqlarına təsir edir:
“Amma digər tərəfdən Türkiyə məsələsi var. Türkiyə Azərbaycanla Rusiyanın yaxınlaşmasına iqtisadi cəhətdən əməkdaşlığı necə baxar? Çünki bildiyimiz ənənəvi Bakı-Novorossiysk boru xətti var. Ondan başqa ayrıca olaraq Türkiyə üzərindən keçən Bakı-Tbilisi-Ceyhan boru xətti var və bütün bunlar hamısı Azərbaycanın ixrac potensialının ən başlıca ünsürləridir. Rusiyanın Azərbaycan üzərindən bu və yaxud digər məhsullarını ixrac eləməsi Türkiyənin də bir yandan maraqlarına toxunmuş ola bilər. Amma iqtisadi əməkdaşlıq elə bir məsələdir ki, ümumiyyətlə bütün siyasi narazılıqları ortadan qaldıracaq gücə sahibdir. Avropa Birliyinin qaza olan ehtiyacını, ümumiyyətlə enerji daşıyıcılarına olan ehtiyacını təmin eləmək üçün Rusiyadan birbaşa deyil, Azərbaycan üzərindən tranzit olaraq məhsulları alması Avropa Birliyinə də müəyyən bir mənada uyğun strategiyadır. Avropa Birliyi də buna, açıq şəkildə qarşı çıxmır, çünki qış aylarında Avropanın enerji daşıyıcılarına olan ehtiyacını Rusiya birbaşa ixracatla verə bilmədiyi üçün Azərbaycan üzərindən bunu həyata keçirə bilir və bu da ölkədə olan enerji daşıyıcıları qiymətlərinin stabil, sabit saxlanılmasına, bahalanmamasına, əhalinin narazılığına səbəb olmamasına gətirib çıxarır. Bu səbəbdən Azərbaycan- Rusiya əməkdaşlığı iqtisadi cəhətdən həm Bakıya, həm Moskvaya, həm Brüsselə maraqlı bir əməkdaşlıqdır və bu əməkdaşlığın da inkişaf etdirilməməsi üçün heç bir səbəb yoxdur. Hər şey əlbəttə ki, Rusiya- Ukrayna müharibəsinin nəticəsinə bağlıdır. Çünki Rusiya necə ki, Ukraynanı öz qərb sərhədi kimi qiymətləndirirsə, Azərbaycanı da o şəkildə öz cənub sərhədi kimi qiymətləndirir .Fikrimcə, istər xarici İşlər Nazirliyimiz, istər İqtisadiyyat Nazirliyimiz bütün bu riskləri, nəzərə alaraq Azərbaycanın gələcəkdə qarşılaşa biləcəyi riskləri də azaltmış olacaq”.