Rusiya və Ermənistan gəncliyi münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynaya bilər - Zaxarova

Rusiya və Ermənistan gəncliyi iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsində böyük rol oynaya bilər.

Sherg.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

“Dövlətlərimiz çoxmillətlidir. Rusiya çoxmillətlidir, Ermənistanda da müxtəlif millətlərin nümayəndələri yaşayır. Ona görə gəlin, iki ölkənin gəncliyindən danışaq. Onlar həqiqətən də böyük rol oynaya bilərlər. İlk növbədə, ölkələrimiz arasında dinc yanaşı yaşamağın və dostluğun, ən yaxşı münasibətlərin inkişafının tərəfdarı ola bilərlər”, - Zaxarova bildirib.

Diplomat qeyd edib ki, bu münasibətlər ənənəvi dəyərlərə, çoxəsrlik tarixi əlaqələrə və mədəni yaxınlığa, o cümlədən dini baxışlardakı yaxınlığa əsaslanmalıdır.

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi üçün müasir əsaslardan biri də Rusiya və Ermənistan vətəndaşları arasında qurulan çoxsaylı ailələrdir. Həmçinin iki dövlətlə etnik əlaqələri olan ailələr də mövcuddur.

“Gənclər bilməli və xatırlamalıdırlar ki, iki ölkənin mədəniyyətindən özünü ayrı tutmayan bütöv nəsillər yetişib. Onlar özlərini valideynlərinin övladları ilə yanaşı, iki xalqın və iki mədəniyyətin övladları hesab edirlər. Bu, tək-tük insanlar deyil. Dəqiq statistikam yoxdur, amma söhbət minlərlə, hətta yüz minlərlə insandan gedir”, -Rusiya XİN nümayəndəsi vurğulayıb.

Zaxarova hesab edir ki, bu insanlar niyə süni seçim qarşısında qaldıqlarını - Rusiya ilə, yoxsa Rusiyasız olmaq -anlamırlar. Bununla belə, o, müasir Rusiya və Ermənistan gəncləri üçün ikitərəfli münasibətlərin emosional baxımdan əvvəlki qədər yüklü olmadığını da etiraf edib.

Diplomat, həmçinin iki ölkənin coğrafi yaxınlığına diqqət çəkib. Onun sözlərinə görə, bu yaxınlıq Rusiya üzərindən və Rusiyaya öz məhsullarını və imkanlarını çatdırmaq üçün mühüm nəqliyyat imkanları yaradır.