“Rusiyada sosial narazılıq arta bilər” - Politoloqdan diqqətçəkən PROQNOZ

  • Rusiya - Ukrayna müharibəsinin daha da sərtləşməsi ehtimalı yüksəkdir
  • "Əgər Ukraynanın bu əməliyyatları ardıcıl şəkildə davam edərsə Putin hakimiyyətinə qarşı etiraz meyillərini gücləndirə bilər"

Ukraynanın son günlər Moskva və ətrafına endirdiyi PUA zərbələri Kremlin siyasi və iqtisadi baxımdan zəiflədilməsinə hesablanıb. “Atlantik” nəşrinin bildirdiyinə görə, Dubnadakı Kosmik Rabitə Mərkəzinə və Moskvanın iri neft emalı zavoduna endirilən son zərbələr Ukraynanın Rusiya rəhbəri üçün dözülməz şərait yaratmaq strategiyasının nümunəsidir: “İyunun 18-də Moskva neft emalı zavoduna hücum bir neçə məqsədə xidmət edib və Putinin mövqelərini sarsıtmağa yönəlib.

Hücum nəticəsində yaranan güclü yanğın və bütün Moskvanın üzərindən görünən qara tüstü şəhər sakinlərinə Ukraynanın Rusiyanın ən mühüm iqtisadi obyektlərini belə vura biləcəyini göstərmək məqsədi daşıyıb. Moskvanın neft emalı zavodlarına zərbələr Putinin müharibəni davam etdirmək üçün ehtiyac duyduğu maliyyə mənbələrini də hədəfə alır. Çünki Rusiya ordusunun maliyyələşdirilməsi əsasən neft və neft məhsullarının ixracından əldə olunan gəlirlər hesabına həyata keçirilir. Bu zərbələr Putini seçim qarşısında qoyur. Benzin qıtlığı ictimai narazılığı artırır, ixracın məhdudlaşdırılması isə müharibəyə yönəldilə biləcək gəlirləri azaldır. Dövlət büdcəsinə daxilolmaların azalması Moskva əhalisinə ayrılan vəsaitlərin də azalmasına səbəb ola bilər”.

Bildirilib ki, son hücumlar Rusiyanı yaxın zamanda müharibədən çıxmağa məcbur etməsə də, Putinin Moskvanı, Rusiya iqtisadiyyatını və ordusunu qoruya bildiyi barədə təsəvvürləri sarsıdıb.

Bununla yanaşı, qeyd olunur ki, genişmiqyaslı müharibənin başlanmasından bəri Moskvaya edilən ən böyük PUA hücumundan sonra Rusiyanın regionlarında da müharibə əleyhinə əhval-ruhiyyə kəskin artıb. Sosial şəbəkələrdə müharibəni tənqid edən paylaşımların sayı bir həftə ərzində 235 faiz yüksəlib.

Rusiya vətəndaşları internetdə "Rusiya Ukraynaya qarşı müharibəni nə vaxt bitirəcək?" sualını daha çox axtarmağa başlayıblar. 

Mövzunu şərh edən politoloq Oqtay Qasımov Sherg.az-a açıqlamasında bildirib ki, son dövrlər Ukraynanın Rusiyanın energetika infrastrukturu, hərbi sənaye kompleksi və strateji obyektlərinə endirdiyi zərbələr Moskvanı hərbi, iqtisadi və psixoloji baxımdan zəiflətməyə hesablanmış taktikanın tərkib hissəsidir:

“Hazırda Rusiya-Ukrayna cəbhəsində baş verən proseslər göstərir ki, Ukrayna yalnız ön xətdə deyil, Rusiyanın daxilində də təzyiq mexanizmi formalaşdırmağa çalışır. Enerji obyektlərinin, neft emalı zavodlarının və hərbi sənaye müəssisələrinin hədəfə alınması Kremlin iqtisadi imkanlarını məhdudlaşdırmağa yönəlib. Bu əməliyyatların əsas məqsədlərindən biri Rusiyanı zəiflədərək onu danışıqlar masasına yaxınlaşdırmaq və müharibənin dayandırılması üçün əlavə təzyiq formalaşdırmaqdır. Artıq Rusiyada yanacaq qıtlığı ilə bağlı problemlər açıq şəkildə hiss olunmağa başlayıb. Bu məsələ kifayət qədər ciddi xarakter alıb və Kremlin özü də bunu dolayısı ilə etiraf edir. Rusiya benzin və dizel yanacağının ixracına məhdudiyyət tətbiq etmək məcburiyyətində qalıb. Bu isə onu göstərir ki, Ukraynanın enerji sektoruna yönəlmiş zərbələri Moskva üçün real iqtisadi nəticələr doğurmağa başlayır”.

Bununla belə,politoloq Rusiyanın məhz bu təzyiqlərdən çəkinib danışıqlar masasına oturacağını istisna edib. Onun fikrincə Kreml müəyyən müddət ərzində toparlanmağa və cavab addımları atmağa çalışacaq:

“Böyük ehtimalla Rusiya Ukrayna şəhərlərinə və infrastrukturlarına daha intensiv zərbələr endirməklə vəziyyəti balanslaşdırmağa cəhd göstərəcək. Yəni yaxın mərhələdə müharibənin daha da sərtləşməsi ehtimalı istisna deyil.

Ancaq bütün hallarda hazırkı mərhələdə strateji təşəbbüs daha çox Ukraynanın tərəfində görünür. Qərb ölkələri və Ukraynanın müttəfiqləri də Kiyevin əldə etdiyi üstünlüyün itirilməsində maraqlı deyillər və dəstəyi davam etdirmək niyyətindədirlər. Bu isə Ukraynanın əməliyyat imkanlarını genişləndirən əsas amillərdən biridir. Əgər Ukraynanın Rusiyanın strateji obyektlərinə qarşı həyata keçirdiyi bu əməliyyatlar ardıcıl şəkildə davam edərsə və nəticədə Rusiya iqtisadiyyatında daha ciddi problemlər yaranarsa, bu proses daxildə sosial narazılığı və Putin hakimiyyətinə qarşı etiraz meyillərini gücləndirə bilər. Belə bir vəziyyətdə Kreml üçün müharibəni əvvəlki şəkildə davam etdirmək daha çətin olacaq və yalnız bundan sonra Rusiyanın danışıqlar masasına gəlməsi ehtimalı arta bilər.”