Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin ilə görüşüb.
Bu barədə Teleqraf-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə Əməkdaşlıq Komissiyasının parlamentlərimiz arasında əməkdaşlığın genişləndirilməsi və gündəlikdə olan bir sıra digər məsələlərin müzakirəsi baxımından əhəmiyyətli platforma olduğu vurğulanaraq, növbəti iclasın da uğurla keçdiyi və faydalı müzakirələrin baş tutduğu bildirilib.
Söhbət zamanı iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, parlament sədrləri və deputatlar arasında baş tutan görüşlər bu münasibətlərin daha da genişlənməsinə xidmət edir.
Həmçinin beynəlxalq parlament təşkilatları, o cümlədən, Parlamentlərarası İttifaq, MDB Parlament Assambleyası və digər beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.