Savaşın yaxın zamanda bitməsi real görünmür - ŞƏRH

Rusiya-Ukrayna müharibəsinin 2027-2029-cu illərə qədər uzanması ehtimalı istisna deyil

Rusiya ordusu noyabr ayınadək Ukraynanın Donbas bölgəsini ələ keçirə bilməyəcək”. Bunu ukraynalı hərbi analitik mayor Aleksey Getman deyib.

Ekspert Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampa göndərdiyi məktubda noyabra qədər bütün Donbas bölgəsinin ələ keçiriləciyi ilə bağlı fikrini belə şərh edib: “Putinin Trampa göndərdiyi məktubda nə yazıldığını gördünüz. Onun Alyaskadakı görüşdən əvvəl Trampa Donbası tamamilə ələ keçirmək üçün 60 günə ehtiyac olduğunu dediyini də xatırlayırıq. Həmin 60 gün 2025-ci il sentyabrın 2-də başa çatıb. Bundan 10 gün sonra isə müharibənin dayandırılması üçün 50 gün lazım olduğunu bildirmişdi. Trampa demək lazımdır ki, Putin əvvəllər də Donbas barədə belə açıqlamaları verib.

İndi də noyabrdan danışırlar, həmin müddətdə də bunun öhdəsindən gələ bilməyəcək. İndi 100 gündən çox vaxt var. O vaxt olmamışdı, bu dəfə də olmayacaq. Artıq 60 gün keçib, qarşıda 120 gün var. Bir il əvvəl isə 60 gün idi. Əgər buna sağlam düşüncəli bir insanın reaksiya verməli olduğu kimi reaksiya verməsə, onda Trampın rəğbətinin kimə olduğunu təxmin edə bilərik”.

Siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında bildirib ki, Getmanın “Rusiya noyabr ayına qədər Donbası tam ələ keçirə bilməyəcək” fikri əslində müharibənin indiki xarakterini dəqiq təsvir edir. A. Həsrətin sözlərinə görə, Rusiya-Ukrayna savaşı artıq çoxdan sürətli hücum və ani nəticə mərhələsini keçərək uzunmüddətli aşındırma müharibəsinə çevrilib:

“Belə münaqişələrdə tərəflərdən heç biri qısa müddətdə həlledici üstünlük əldə edə bilmədiyi üçün proses illərlə davam edir. Rusiya geniş insan resurslarına, hərbi sənaye potensialına və enerji gəlirlərinə arxalanır. Ukrayna isə Qərbin maliyyə, silah və siyasi dəstəyi hesabına müqaviməti davam etdirir. Hazırda əsas məsələ budur ki, nə Moskvanın resursları kritik həddə çatıb, nə də Qərb Kiyevi tək buraxmağa hazır görünür. Bu balans dəyişmədiyi müddətdə müharibənin yaxın zamanda bitməsi real görünmür.

Putinin müxtəlif vaxtlarda Donbasın tam nəzarətə götürülməsi ilə bağlı verdiyi tarixlərin indiyədək reallaşmaması da onu göstərir ki, Kreml cəbhədə istədiyi sürəti əldə edə bilmir. Rusiya müəyyən ərazilərdə irəliləyiş əldə etsə də, bu, strateji dönüş yaratmaq üçün kifayət etmir. Ukrayna ordusu ağır itkilərə baxmayaraq müdafiə xəttini qoruyur və Qərb texnologiyaları ilə Rusiyanın sürətli irəliləyiş imkanlarını məhdudlaşdırır.

Digər tərəfdən, siyasi iradə məsələsi də müharibənin uzanmasının əsas səbəblərindən biridir. Kreml geri çəkilməyi zəiflik kimi görür, Kiyev isə ərazi güzəştlərinin gələcəkdə daha böyük təhlükələr yaradacağını düşünür. Bu səbəbdən tərəflər arasında real kompromis üçün hələ ciddi zəmin formalaşmayıb”.

Siyasi şərhçi qeyd edib ki, müharibələrin sonu adətən iki ssenari ilə mümkün olur:

“Ya tərəflərdən biri hərbi baxımdan həlledici üstünlük qazanır, ya da siyasi razılaşma əldə edilir. Hazırkı mərhələdə isə hər iki variant zəif görünür. Cəbhədə tam qələbə əldə etmək çətinləşib, diplomatik danışıqlar isə nəticəsiz qalır. Avropa ölkələrinin qarşıdakı 4-5 il üçün təhlükəsizlik və müdafiə planlarını gücləndirməsi də təsadüfi deyil. Bu, Qərbin müharibənin uzunmüddətli ssenari üzrə davam edə biləcəyini nəzərə aldığını göstərir. Yəni ən pis ehtimal üzərindən hazırlıq aparılır. Hazırkı dinamika göstərir ki, Rusiya-Ukrayna müharibəsinin 2027-2029-cu illərə qədər uzanması ehtimalı istisna deyil. Bunun daha tez başa çatması yalnız cəbhədə ciddi dönüş yaranacağı və ya ABŞ, Rusiya, Avropa və Çin kimi böyük güclər arasında yeni siyasi razılaşma əldə ediləcəyi halda mümkün görünür”.