Seçkilər öncəsi böyük oyun: Rusiyapərəstlər çökür, Paşinyan güclənir - ŞƏRH

Ermənistanda "ölüm-dirim" savaşı gedir, Paşinyan rəqiblərinə açıq xəbərdarlıq etdi

Ermənistanın siyasi gündəmi Baş nazir postuna namizəd fiqurların arasındakı rəqabətə görə çalxalanmağa davam edir. İyunun 7-də keçiriləcək parlament seçkilərində Baş nazir Nikol Paşinyanın qarşısında müxalifət liderləri kimi sabiq preizdent Robert Köçəryan, rusiyalı milyarder Samvel Karapetyan və siyasətçi-biznesmen Qaqik Sarukyan dayanır.

Paşinyanın reytinqi müxalifətdən yüksək olsa da, revanşist qüvvələrlə əhatə olunması onun seçki kampaniyasındakı manevr imkanlarını məhdudlaşdırır. Çünki müxalif blok, Baş nazir kürsüsü uğrunda hər vasitəyə əl atmaq iqtidarındadır. Bunların arasında S.Karapetyan xüsusi yer tutur. O, Baş nazir postuna namizəd olmaq üçün qarşısında əngəl sayılan ikili vətəndaşlıqdan imtina etməyə hazırlaşır. Ermənistan Konstitusiyasına görə, ölkədə Baş nazir postununa namizəd olan şəxs yalnız Ermənistan vətəndaşı olmalıdır. Bu məqsədlə, S. Karapetyanın iki aydan sonra Ermənistan pasportuna sahib olacağı bildirilir. 

 Mövzu ilə bağlı politoloq İlqar Vəlizadə Sherg.az-a bildirib ki, rusiyapərəst namizədlər hakimiyyət uğrunda ölüm-dirim savaşına giriblər: 

“Samvelin Rusiya vətəndaşlığından çıxması Moskva ilə əvvəlcədən hazırlanmış planın tərkib hissəsidir. Lakin onun parlament seçkilərinə heç bir təsiri olmayacaq. Seçkilərin keçirilməsinə iki aydan da az vaxt qalıb. Vətəndaşlıq məsələsi Samveli yubadaraq, seçkilərdə yer tutmasına əngəl törədəcək. Bu proses Karapetyanın əleyhinə işləyəcək. Çünki Rusiya vətəndaşlığı onu siyasi risklərdən sığortalayan əsas dayaq rolunu oynayırdı”.

Politoloqun sözlərinə görə yalnız Ermənistan vətəndaşlığına sahib olmaq, Samvelin siyasi və hüquqi müdafiə imkanlarını məhdudlaşdıracaq:

“Paşinyan seçkilərdə qalib gələrək onun həbs müddətini asanlıqla uzada bilər. Paşinyana müxalif partiyalar ayrı-ayrılıqda az yer qazansalar da, birlikdə onların ümumi mandat sayı Paşinyan blokundan çox ola bilər. Belə olan halda Baş nazirin "Vətəndaş Müqaviləsi" partiyası üstünlüyü itirə bilər. Bu vəziyyət digər partiyaların koalisiya hökuməti formalaşdırması üçün imkanlar yaradır. Ona görə də seçkilər öncəsi Paşinyanın Putinlə görüşməsinin arxasında bir sıra siyasi maraqlar dayanır”. 

İ.Vəlizadə vurğulayıb ki, Paşinyan görüşə gedərkən qəsdən Ermənistan Respublikasının xəritəsini təmsil edən sancaq taxıb:

“Bu addım Rusiya ilə müxalif bloka qarşı ünvanlanmış simvolik mesajdır. Baş nazir sancağı sinəsinə taxmaqla, Qarabağ mövzusunun Ermənistan üçün başa çatdığını və bu məsələnin yenidən gündəmə gətirilməsinin nəzərdə tutulmadığını göstərməyə çalışır. Çünki revanşist qüvvələr Qarabağ məsələsini gündəmdə saxlamaqla müharibə ritorikasını gücləndirməyə xidmət edirlər”. 

Politoloqun fikrincə, Paşinyan xarici siyasət kursuna görə sanki Putindən dəstək gözləyir:

“Artıq Rusiyanın siyasi dairələri “Qarabağ kartı”ndan istifadə imkanlarının tükəndiyini anlayır. Dolayısıyla bu səfərki görüş Paşinyan höküməti üçün uğurlu oldu. Bununla da Nikol rusiyapərəst qüvvələrə arxalandıqları güc mərkəzinin Qarabağ siyasətində dəyişiklik etdiyini göstərmiş oldu".