- Bakının artan çəkisi böyük dövlətlərin marağındadır
Azərbaycan Prezidenti İlham Əliyevin ŞƏT-in tədbirlərində iştirak etmək üçün Qırğızıstana səfəri həm təşkilatın 25 illiyi çərçivəsində keçirilən mühüm beynəlxalq tədbir, həm də Azərbaycan–Qırğızıstan münasibətlərinin strateji məzmununun güclənməsi baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, Prezident İlham Əliyevin siyasi iradəsi və həyata keçirdiyi strateji siyasət nəticəsində Azərbaycan yeni dünya düzəninin formalaşdığı bir dövrdə beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Ərazi bütövlüyünün və suverenliyin tam bərpası ölkəmizin regional və qlobal proseslərdə daha fəal və müəyyənedici aktora çevrilməsinə imkan yaradıb. Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması da Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşması baxımından mühüm hadisədir. Bu razılaşma regionda sülh, iqtisadi əməkdaşlıq və nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsi üçün yeni perspektivlər yaradır.
Son illərdə Azərbaycanın beynəlxalq əlaqələrinin coğrafiyası da əhəmiyyətli dərəcədə genişlənib. Asiya və Afrika ölkələri ilə münasibətlər inkişaf edir, Avropa ilə strateji tərəfdaşlıq möhkəmlənir. Prezident İlham Əliyevin Vaşinqtona səfəri Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin əsasını qoyan mühüm diplomatik hadisə kimi qiymətləndirilə bilər. Azərbaycanın Avropa Siyasi Birliyi ilə əməkdaşlığı və 2028-ci ildə bu təşkilatın sammitinə ev sahibliyi etməsi də ölkəmizin beynəlxalq nüfuzunun göstəricilərindəndir.
Azərbaycan eyni zamanda Türk dünyasında həmrəyliyin möhkəmləndirilməsinə, İslam dünyası ilə əlaqələrin inkişafına və müxtəlif beynəlxalq platformalarla əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Bu yanaşma ölkənin milli maraqlara əsaslanan müstəqil və çoxvektorlu xarici siyasət kursunun mühüm xüsusiyyətidir.
Bu siyasətdə Şanxay Əməkdaşlıq Təşkilatı xüsusi yer tutur. 2001-ci ildə yaradılan ŞƏT bu gün Avrasiyanın mühüm siyasi, iqtisadi və təhlükəsizlik platformalarından birinə çevrilib. Azərbaycan 2016-cı ildən təşkilatın dialoq tərəfdaşıdır. 2024-cü ildə isə Bakı ŞƏT-də müşahidəçi statusu əldə etmək üçün rəsmi müraciət edib. Bu, Azərbaycanın təşkilatla əməkdaşlığı daha yüksək səviyyəyə çıxarmaqda maraqlı olduğunu göstərir.
Azərbaycanın ŞƏT istiqamətində fəallığı onun artan geosiyasi və geoiqtisadi imkanları ilə də bağlıdır. Ölkəmizin Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, Avropa ilə Asiya arasında mühüm bağlantı mərkəzinə çevrilməsi Azərbaycanın təşkilat üçün əhəmiyyətini artırır.
Bu baxımdan Prezident İlham Əliyevin Bişkek səfəri Azərbaycanın ŞƏT məkanında mövqeyinin möhkəmləndirilməsi, Çin və Mərkəzi Asiya ölkələri ilə əlaqələrin daha da dərinləşdirilməsi, eləcə də Azərbaycanın Şərq və Qərb istiqamətlərində paralel əməkdaşlıq siyasətinin davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Qırğızıstana işgüzar səfərini Azərbaycanın beynəlxalq və regional mövqelərinin güclənməsi baxımından mühüm geosiyasi hadisə kimi qiymətləndirib.
O qeyd edib ki, Azərbaycan 2016-cı ildən ŞƏT-in dialoq tərəfdaşı statusuna malikdir və ötən dövr ərzində təşkilatla əməkdaşlığını ardıcıl şəkildə genişləndirib. Professorun sözlərinə görə, dünyada baş verən sürətli geosiyasi dəyişikliklər, qlobal iqtisadi fəallığın tədricən Asiya istiqamətinə yönəlməsi və yeni nəqliyyat-ticarət marşrutlarının əhəmiyyətinin artması Azərbaycan–ŞƏT münasibətlərinə yeni məzmun qazandırır: “Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi, Çinlə strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etməsi, eləcə də Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşünün tamhüquqlu üzvü olması ölkəmizin ŞƏT çərçivəsində rolunu artıran mühüm amillərdir. Azərbaycan həm coğrafi mövqeyinə, həm iqtisadi potensialına, həm də formalaşan regional nəqliyyat və enerji layihələrində iştirakına görə Şərqlə Qərb arasında mühüm bağlantı nöqtəsinə çevrilib. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi onun regional və qlobal proseslərdə daha fəal aktora çevrilməsinə imkan yaradıb. Bu baxımdan Azərbaycanın ŞƏT ilə münasibətlərinin dərinləşdirilməsi yalnız Bakının deyil, təşkilatın aparıcı üzvlərinin də maraqlarına cavab verir”.
V.Abdullayevin sözlərinə görə, xüsusilə Çinlə Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ŞƏT istiqamətində əməkdaşlığın genişləndirilməsi üçün mühüm siyasi zəmin formalaşdırır. O bildirib ki, Çin ŞƏT-in əsas güc mərkəzlərindən biri olmaqla yanaşı, Azərbaycanın Asiya ilə iqtisadi və nəqliyyat əlaqələrinin inkişafında da mühüm tərəfdaşdır: “Azərbaycanın ŞƏT-ə mümkün üzvlüyü məsələsində təşkilat daxilində müxtəlif yanaşmaların olması da nəzərə alınmalıdır. Onun fikrincə, bəzi böyük dövlətlərin öz geosiyasi maraqlarından çıxış edərək Azərbaycanın təşkilatda mövqeyinin güclənməsinə ehtiyatla yanaşması prosesin daha mürəkkəb müstəvidə inkişaf etməsinə səbəb ola bilər. Lakin Azərbaycanın son illərdə artan iqtisadi və geosiyasi çəkisi, xüsusilə Çinlə strateji tərəfdaşlığın dərinləşməsi, Mərkəzi Asiya ölkələri ilə əlaqələrin genişlənməsi və regionda nəqliyyat-logistika imkanlarının artması bu istiqamətdə Bakının mövqeyini gücləndirir”.
Professor vurğulayıb ki, Azərbaycan–Ermənistan sülh prosesində əldə olunan nəticələr, Vaşinqtonda əldə edilmiş razılaşmalar, Azərbaycan və Çin arasında strateji əməkdaşlığın yeni mərhələyə keçməsi, eləcə də Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin inkişafı regionun geosiyasi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişir:
“Prezident İlham Əliyevin 2025-ci il avqustun 31-də Tiencində keçirilən “ŞƏT plyus” formatında görüşdə iştirakı Azərbaycan–ŞƏT münasibətlərinin inkişafında mühüm mərhələ olub. Hazırkı proseslər isə Azərbaycanın təşkilatla əməkdaşlığının yalnız siyasi dialoqla məhdudlaşmadığını, iqtisadi, nəqliyyat və geostrateji istiqamətlərdə də dərinləşdiyini göstərir. Azərbaycanın çoxvektorlu xarici siyasəti ölkəyə həm Şərq–Qərb, həm də Şimal–Cənub istiqamətlərində əsas bağlantı mərkəzlərindən birinə çevrilmək imkanı yaradıb. Bu gün Azərbaycan yalnız coğrafi baxımdan Avropa ilə Asiyanı birləşdirən ölkə deyil, həm də enerji, nəqliyyat və ticarət layihələri vasitəsilə bu iki məkan arasında real əlaqələrin qurulmasında mühüm rol oynayır. Bütün bunlar Azərbaycanın ŞƏT çərçivəsində rolunun daha da artırılmasını və təşkilatla münasibətlərin yeni səviyyəyə yüksəldilməsini şərtləndirir”.