Şoyqu Ukrayna ilə sülh ssenarisini açıqladı: “Kiyev neytral statusa qayıtmalıdır”

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ukraynada sülhün əldə olunması üçün Kiyevin 1990-cı il Dövlət Suverenliyi Bəyannaməsində əks olunan bloklara qoşulmayan, neytral və nüvəsiz statusa qayıtmasının vacibliyini bildirib.

Sherg.az xəbər verir ki, Şoyqu bu açıqlamanı Şanxay Əməkdaşlıq Təşkilatı üzv ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin Bişkekdə keçirilən toplantısında səsləndirib.

Onun sözlərinə görə, Moskvanın Ukrayna ilə bağlı mövqeyi dəyişməz olaraq qalır və davamlı sülh yalnız münaqişənin əsas səbəbləri aradan qaldırıldıqdan sonra mümkün ola bilər. Şoyqu həmçinin Avropa İttifaqı və NATO ölkələrini münaqişəni uzatmaqda və Ukraynanı silahla təmin etməkdə ittiham edib.

Rusiya rəsmisi əlavə edib ki, Moskva siyasi-diplomatik həll variantlarından imtina etmir və digər dövlətlərin vasitəçiliyinə açıqdır.

Qeyd edək ki, Rusiya Ukraynanın NATO-ya üzvlük istəyindən imtina etməsini tələb edir. Ukrayna Prezidenti Volodimir Zelenski isə daha əvvəl bəyan etmişdi ki, ölkə yaxın zamanda NATO-ya qəbul olunmasa, təhlükəsizliyini təmin etmək üçün nüvə silahına ehtiyac yarana bilər.