Sülh müqaviləsi Paşinyan üçün təkcə Azərbaycanla barışıq deyil - ŞƏRH

  • Şəbnəm Həsənova: Baş nazir bu sənədlə həm də Ermənistanın gələcəyini xilas etməyə çalışır
  • Paşinyan münaqişə riskindən qaçır, Ermənistan üçün yeni tərəfdaşlar axtarır

Ermənistanla Azərbaycan arasında sülh prosesində növbəti mərhələ yekun sənədin imzalanması və ratifikasiyasıdır. Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, yaxın gələcəkdə tərəflər arasında paraflanmış sülh müqaviləsinin imzalanmasına və təsdiqlənməsinə fokuslanmaq lazımdır.

O, bu addımı Ermənistan dövlətçiliyinin davamlılığı üçün mühüm təməl kimi qiymətləndirib: “Artıq birlikdə yaratmalı olduğumuz tarixdən danışmışam, bu gün bunun necə baş verməli olduğunu qeyd edirəm. Məncə, yaxın gələcəkdə Azərbaycanla paraflanmış sülh müqaviləsinin imzalanmasına və təsdiqlənməsinə fokuslanmalıyıq. Bu baş verdikdə, biz Ermənistan dövlətçiliyinin davamlılığı üçün təməl daşını qoyduğumuzu bəyan edə bilərik”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Sherg.az-a açıqlamasında bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin mümkün qədər tez imzalanmasına çağırış etməsini həm Ermənistanın daxili siyasəti ilə əlaqələndirmək, həm də bölgəmizdə dəyişən geosiyasi reallıqlarla bağlamaq daha düzgün olardı:

“Paşinyan iki istiqamətdə maraqlıdır. Bir tərəfdən, sülh prosesini yekunlaşdırmaq və hökumətin siyasi kursunu konkretləşdirmək istəyir. Digər tərəfdən isə Ermənistanın təhlükəsizlik risklərini azaltmağa, həmçinin iqtisadi inkişafını sığortalamağa və bu istiqamətdə yeni imkanlar və fürsətlər yaratmağa cəhd göstərir. Xüsusilə, bu məqamı nəzərə almalıyıq ki, bu gün bölgəmizdə nəqliyyat və kommunikasiyaların açılması, ABŞ və Avropa İttifaqının regionda fəallaşması Ermənistanın xarici siyasətində baş vermiş fundamental dəyişikliklərə təsir göstərir. Yəni, sülh müqaviləsi İrəvan üçün alternativ tərəfdaşlara yönəlməsi baxımından aktuallıq kəsb edir. Müqavilənin imzalanması Ermənistan daxilindəki siyasi mübahisələri, həmçinin konstitusiya ilə bağlı məsələləri də gündəmdə saxlayır. Paşinyanın məqsədi sadəcə daxili siyasi mövqeyini möhkəmləndirmək deyil, o, həm də Ermənistanın uzunmüddətli inkişafını qarantiya altına almaq istəyir. Münaqişə risklərindən uzaq duraraq Ermənistanın regional düzəndə yeni mövqe qazanmasına çalışır”.

Politoloqun sözlərinə görə, davamlı sülhün təmin olunması müqavilənin tez və ya gec imzalanmasından daha çox, onun şərtlərinin yerinə yetirilməsindən və Azərbaycanla Ermənistan arasında qarşılıqlı etimadın formalaşmasından asılıdır.