Tələblər yerinə yetirilməsə, İranda daha sərt aksiyalar qaçılmazdır - POLİTOLOQ

İran hakimiyyəti etirazların məsuliyyətindən yayınmağa çalışır

İran polisinin rəisi Əhmədrza Radan deyib ki, İran hakimiyyəti iğtişaşlar zamanı cinayətkar fəaliyyətə aldananların hamısına cəzalarının azaldılması müqabilində könüllü olaraq polisə təslim olmağı təklif edib:

“Təxribatçılar tərəfindən aldadılanlar üç gün ərzində təslim olsalar, cəzalarının əhəmiyyətli dərəcədə azaldılacağına ümid edə bilərlər”, - o qeyd edib.

Mövzu ilə bağlı politoloq Sədrəddin Soltan "Sherg.az"a açıqlamasına deyib ki, İran hakimiyyəti bu açıqlama ilə etiraz aksiyalarının bütün məsuliyyətini “təxribatçı qüvvələrin” üzərinə atmaq istəyir:

"Əhmədrza Radanın bu çağırışı mahiyyət etibarilə etiraz aksiyalarında iştirak edənlərin əvvəlcədən “günahını etiraf etməsi”, yəni onların guya təxribatçı qüvvələrin təsiri altına düşdüklərini boynuna alması kimi təqdim olunur. Bununla İran hakimiyyəti etirazları xalq narazılığı deyil, planlı təxribat kimi qələmə verməyə çalışır.

Bu çağırışın əsas məqsədi etiraz aksiyalarının bütün məsuliyyətini “təxribatçı qüvvələrin” üzərinə atmaq və bunu müxtəlif şəxslər vasitəsilə ictimai rəyə qəbul etdirməkdir. Biz artıq dəfələrlə bunun şahidi olmuşuq: insanlar efirə çıxarılır, guya xarici dövlətlərdən pul aldıqlarını, kənardan yönləndirildiklərini “etiraf” edirlər. Bu cür saxta etirafların məqsədi etirazları gözdən salmaq, onların nüfuzunu və mahiyyətini zəiflətməkdir.

Bununla belə, hesab edirəm ki, etiraz aksiyaları artıq öz əsas hədəfinə çatıb. Tehran hakimiyyəti ciddi şəkildə təlatümə düşüb və bu narazılıqlar ən yüksək siyasi səviyyəyə qədər yüksəlib. Hətta Xamenei səviyyəsində belə etiraz aksiyalarının əsas tələblərinin dolayı yolla gündəmə gətirilməsi və qəbul edilməsi bunu göstərir.

Hakimiyyət real problemlərə cavab vermək əvəzinə, etirazları müxtəlif təxribatçı qüvvələrin, qorxuducu xarici faktorların, xüsusilə də İsrail və digər xarici aktorların fəaliyyəti kimi təqdim etməyə çalışır. Bu isə mahiyyət etibarilə məsuliyyətdən yayınmaq cəhdidir.

Bu baxımdan, əgər etirazçıların əsas tələbləri yerinə yetirilməzsə, yeni və daha şiddətli aksiyalar yaşana bilər".