Təyyarə Rusiyanın konkret bölgəsində vurulub - RƏY

Rusiya tam olaraq öz öhdəliyini yerinə yetirdikdən sonra bu məsələni bağlamaq olar.

Qazaxıstan Nəqliyyat Nazirliyi AZAL şirkətinə məxsus "Embraer 190 4K-AZ65" təyyarəsi ilə bağlı aviasiya hadisəsinin ildönümü ilə əlaqədar məlumat yayıb. Aralıq hesabat Qazaxıstanın Nəqliyyat Nazirliyinin saytında yerləşdirilib. Bildirilib ki, ICAO-nun 13-cü əlavəsinin müddəalarına əsasən, aviasiya hadisəsinin yalnız bir məqsədi var: gələcəkdə oxşar halların qarşısını almaq. Qeyd edilib ki, bu fəaliyyətin məqsədi heç kimin günahını və ya məsuliyyətini müəyyən etmək deyil. O da vurğulanıb ki, Komissiya tərəfindən aparılan araşdırma ilə yanaşı, Qazaxıstanın hüquq-mühafizə orqanları tərəfindən cinayət araşdırması da aparılır. Qaydaların 97-ci bəndinə əsasən, aviasiya hadisəsi ilə bağlı bütün məlumatlar araşdırmada iştirak edən şəxslər tərəfindən uçuş təhlükəsizliyini artırmaq məqsədilə düzəldici tədbirlər və ya hərəkətlər həyata keçirmək üçün istifadə oluna bilər. Araşdırmanın gedişi barədə məlumatlar araşdırma başa çatana qədər üçüncü şəxslərə açıqlanmır. Aviasiya hadisəsinin araşdırmasının yekun müddəti bütün təyin olunmuş tədqiqatların və işlərin başa çatma vaxtından asılıdır. Hadisənin səbəbləri və ya onu təşviq edən amillər, həmçinin uçuş təhlükəsizliyi ilə bağlı tövsiyələr yekun hesabatda təqdim olunacaq. 

İlkin hesabatda hadisənin texniki səbəblərdən baş vermədiyi qeyd olunub. Təyyarənin qara qutularından oxunan məlumatlara görə, hər iki mühərrik qəza anına qədər sabit və normal rejimdə işləyib. Uçuşa yararlılıqla bağlı parametrlər stabil olub və idarəetmə sistemlərində ciddi pozuntu yalnız kənar səs və zərbələrdən sonra yaranıb. Təyyarənin füzelyajında, xüsusilə arxa hissəsində - stabilizatorlarda və sol qanadın bəzi elementlərində çoxsaylı dəlib-keçən və kor zədələr aşkarlanıb. Qalıqlardan götürülən, təyyarəyə məxsus olmayan metal fraqmentlər isə artıq konkret maddi sübut kimi qeyd edilib. Dövlət orqanlarının rəsmi sənədlərində quşla toqquşma və ya daxili partlayışa dair heç bir dəlilə rast gəlinmir. Bu isə o deməkdir ki, texniki nasazlıq və ya təsadüfi təbii amil ehtimalı praktiki olaraq aradan qalxıb. Həmçinin qeyd olunub ki, GPS siqnallarının itməsi, radioelektron təsir və bunun fonunda mərhələli sistem nasazlıqları məhz kənar müdaxilənin olmasını göstərən texniki ardıcıllığı formalaşdırır. Təyyarənin vurulmasının ildönümündə Qazaxıstan tərəfinin açıqladığı aralıq hesabat ilkin sənəddə qeyd olunan istiqamətləri daha da gücləndirib. Hesabatda xüsusi olaraq bildirilib ki, təyyarədə oksigen balonları və digər daxili avadanlıqlar zədələnməyib. Bu fakt daxili partlayış versiyasını tam şəkildə istisna edir. Həmçinin vurğulanır ki, təyyarənin zədələnmiş hissələrindən götürülən metal fraqmentlər silah sisteminə aid ola bilər. Silahın konkret modeli açıqlanmasa da, fraqmentlərin struktur xüsusiyyətləri onların təsadüfi metal qalıqları deyil, məhz hərbi təyinatlı sursat elementləri olması ehtimalına işarə edir. Bu istiqamətdə aparılan laborator ekspertizalar yekun hesabatın əsas sübut bazasını formalaşdıracaq. Qazaxıstan, Azərbaycan, Rusiya və Braziliyadan olan ekspertlərin ümumi mövqeyi də kifayət qədər konkret səslənir. Təyyarə texniki nasazlıq səbəbindən yox, kənar müdaxilə - yəni vurulma nəticəsində idarəetməni itirib və qəzaya uğrayıb. 

Millət vəkili Rizvan Nəbiyev Sherg.az-a açıqlamasında deyib ki, 2024-cü ilin sonunda baş verən təyyarə qəzası 2025-ci ildə də daxili və xarici siyasətdə müəyyən məqamlara təsirsiz ötüşmədi. Deputat vurğulayıb ki, rəsmi Bakı Moskvadan təyyarə qəzası ilə bağlı zəruri addımların atılmasını gözlədi: "Rusiya prezidenti özü də bəyan etdi ki, hadisə onların səmasında baş verib və bununla bağlı üzrxahlıq edildi. Amma həm AZAL-a dəyən ziyana görə, həm də vətəndaşların həyatını itirməsinə görə kompensasiyanın ödənilməsi və günahkarların cəzalandırılması baş tutmadı. Rusiya tərəfi bu məsələdə Ukraynanı günahlandırır. Ancaq nəzərə alaq ki, qəza yaşananda müharibə artıq üç il idi ki, başlamışdı. Mülki təyyarələr hazırda Rusiyaya çox azsaylı dövlətlərdən uçur. Onlardan biri də Azərbaycandan həyata keçirilən uçuşlardır. Həmin mülki təyyarələrin təhlükəsizliyinin təmin olunması 1993-cü ildə Rusiya-Azərbaycan arasında imzalanmış beynəlxalq müqavilələrdən irəli gəlir. Eyni zamanda, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) üzvü kimi mülki uçuşların təhlükəsizliyinin təmin edilməsi Rusiyanın birbaşa öhdəliyidir. Bu öhdəliklər hər iki istiqamətdə pozuldu. Bəyanatları kifayət qədər eşitmişik". 

Parlament üzvü vurğulayıb ki, hadisədən bir il ötüb və İCAO-nun qaydalarına görə, yekun hesabat artıq açıqlanmalı, buna uyğun hüquqi addımlar atılmalıydı: "Bu, o qədər ciddi məsələdir ki, 2025-ci il ərzində Bakı-Moskva münasibətlərində davamlı gərginliyə səbəb olub. Bəzən gərginlik daha da yüksəlib. Azərbaycan tərəfinin haqlı tərəfləri var. Təyyarə Rusiyanın konkret bölgəsində vurulub və buna görə məsuliyyət daşıyan adamlar var və onlar mütləq cəzalandırılmalıdır. Biz istəmirik ki, bu məsələ Azərbaycan-Rusiya arasında 2026-cı il ərzində də dominant mövzuya çevrilsin. Rusiya tam olaraq öz öhdəliyini yerinə yetirdikdən sonra bu məsələni bağlamaq olar. Təbii ki, ümumilikdə təyyarənin vurulması, insanlarımızın həyatını itirməsi və yaralanması bizim üçün unudulmazdır".