- "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq"
- “Azərbaycanın sərhədlərinin bağlı olduğunu nəzərə alsaq, miqrant axını gözlənilən deyil"
ABŞ-İran hərbi qarşıdurması artıq idarəolunan çərçivədən çıxaraq kritik həddə çatıb. Dünya liderləri də bu təhlükəni açıq şəkildə etiraf edirlər. BMT-nin Baş katibi Antoniu Quterreş, tərəfləri geri addım atmağa çağırıb. Bir tərəfdən SEPAH ABŞ-nin hərbi kontingentinin yerləşdiyi Körfəz dövlətlərinin ərazisinə zərbələr endirir, digər tərəfdən isə ABŞ qüvvələri mülki infrastrukturu və sərhəd zonalarını bombalayır. ABŞ Prezidenti Donald Tramp İrana daha genişmiqyaslı zərbələrin endiriləcəyini istisna etməyib.
Hərbi əməliyyatlar davam etdikcə, Körfəz ölkələri ilə İran arasındakı etimad prinsipləri də dərin sarsıntıya uğrayır. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Bred Kuper İordaniyanın İrana qarşı ABŞ-nin hücumlarında iştirak etdiyini bəyan edib. İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə bildirib ki, əgər Amerikanın bu iddiası yalandırsa, ərəb ölkələri məlumatı təkzib etməyə borcludur. Əks halda, İran həmin ölkələrin ərazilərində yerləşən Amerika bazalarına zərbə endirmək hüququ qazanır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Sherg.az-a bildirib ki, qısa zamanda müharibənin daha şiddətli fazasına şahid olacağıq:
“Ancaq proseslərin sonunun necə olacağını Bakıda oturub, söyləmək iqtidarında deyiləm. Rəsmi Tehran, qırmızı xətlərindən geri çəkilməlidir. Əks halda ən aşağı rütbəliləri can verənə qədər ABŞ ordusu zərbələri davam etdirə bilər. Müharibənin taleyi SEPAH komandirlərinin atdığı addımlar və səsləndirdikləri fikirlərdən asılı vəziyyətə düşüb. Yaxın Şərqdə çox ciddi su qıtlığı problemi var. Tehran strategiyasını, ABŞ hərbi varlığına şərait yaradan Körfəz dövlətlərinin ən zəif halqalarını hədəf almaq üzərində qurur. Onları əməllərindən döndərmək üçün elektrik və su infrastrukturlarını bombalayır. Əgər SEPAH qonşu ölkələri bombalamağa davam edərsə, onlar da İrana qarşı əks-hücum əməliyyatına başlayacaqlar. Bu da regional müharibəyə çevriləcək”.
Politoloqun sözlərinə görə, qonşuda yanğındırsa, ona bitişik ərazilər də təhlükəylə üz-üzə qalacaq:
“Söhbət Azərbaycandan gedir. Sərhədlərin bağlı olduğunu nəzərə alsaq, miqrant axını gözlənilən deyil. Azərbaycan hər hansı hücum təhlükəsinə qarşı, təhlükəsizlik tədbirlərinə başlayıb. Müharibənin uzanacağı təqdirdə də, kütləvi miqrant axınının olacağını düşünmürəm. Kütləvi miqrant axını, yalnız Suriyadakı kimi vətəndaş müharibəsi səviyyəsində, hər yer darmadağın edildikdə baş verir. İrana qarşı nə bu səviyyədə zərbələr endiriləcək, nə də orada vətəndaş müharibəsi olacaq”.
R.Musabəyov onu da qeyd edib ki, Azərbaycan qəti şəkildə, müharibənin futbol medançasına çevrilmək istəmir:
“Biz özümüzü risklərdən sığortalamağa, neytral mövqeyimiz əsasında, münaqişədən maksimum dərəcədə uzaq durmağa çalışırıq. Xatırlayırsınızsa, İran, ABŞ və İsrail arasında baş tutan münaqişədə, Naxçıvana 3 istiqamətdə dron atıldı. Şübhəsiz ki, Azərbaycan öz qəti xəbərdarlığını etdi. Qarşı tərəf də bu cür səhvlərin təkrar olunmayacağı ilə bağlı müəyyən öhdəliklər götürməli oldu. Aydındır ki, İran ordusu Körfəz ölkələri, ABŞ və İsrail kimi güclərlə gərginliyin pik həddə çatdığı bir vaxtda, Azərbaycanı da qarşısına almaq istəməz".