ABŞ Prezidenti Donald Tramp administrasiyasının noyabrın 3-də keçiriləcək aralıq seçkilərdə Demokratların Konqresdə çoxluğu əldə etməsi ehtimalına qarşı hazırlıq gördüyü iddia olunur. Ağ Ev Konqresin razılığı tələb olunmadan prezident səlahiyyətlərindən istifadə etməklə siyasi gündəmini davam etdirməyin yollarını araşdırır.
Sherg.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Məlumata görə, Ağ Evin aparat rəhbərinin müavini Stiven Millerin də daxil olduğu yüksək vəzifəli şəxslər Trampın Konqresin təsdiqi olmadan qərarlar qəbul etməsinə imkan verə biləcək plan üzərində bir neçə aydır işləyirlər.
“Reuters”ə danışan mənbə isə Ağ Evin hüquq müşaviri Uill Şarf və komandasının prezidentin müstəqil şəkildə hansı hüquqi addımları ata biləcəyini, səlahiyyətlərinin sərhədlərini nə dərəcədə genişləndirə biləcəyini və bu qərarları məhkəmədə necə müdafiə edəcəyini araşdırdığını bildirib.
Nəşrin məlumatına görə, Trampın nəzərdən keçirdiyi tədbirlər arasında kritik mineralların və külək turbinlərinin idxalına yeni gömrük rüsumlarının tətbiqi, beynəlxalq tələbələr və müvəqqəti xarici işçilər üçün viza qaydalarının sərtləşdirilməsi, həmçinin mənzil və tikinti xərclərinin azaldılmasına yönəlmiş addımlar var.
Mənbələr federal qurumların Konqresin razılığı olmadan həyata keçirilə biləcək birtərəfli tədbirlərlə bağlı təkliflər və hüquqi rəylər hazırladığını bildiriblər.
Qeyd edək ki, Demokratların Konqresin hər iki palatasında çoxluğu ələ keçirməsi Respublikaçıların mövqelərini zəiflədə və Vaşinqtonda siyasi qarşıdurmanı dərinləşdirə bilər. Trampın prezidentliyi dövründə iki dəfə impiçment prosesi ilə üzləşdiyi də xatırladılır.