Trampa sui-qəsd mesajı dünyanı yeni savaşın astanasına gətirə bilər - ŞƏRH

Əlövsət Allahverdiyev: “Vaşinqton bu təhdidləri heç vaxt boş söz saymır”

ABŞ Prezidenti Donald Trampı öldürən şəxsə 50 milyon avro mükafat ayırmışıq.

Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əzizi deyib.

“Biz hökumətin bu dini missiyanı (Trampı öldürmək) yerinə yetirən hər hansı bir fiziki və ya hüquqi şəxsə mükafat olaraq 50 milyon avro ödəyəcəyini proqnozlaşdırmışıq”, - o bildirib. Əzizi İranın keçmiş rəhbəri Əli Xameneinin qanının yerdə qalmayacağını söyləyib:

“Biz inanırıq ki, ABŞ-ın murdar prezidenti, İsrailin pis və mənfur baş naziri və CENTCOM komandanı ilə mübarizə aparılmalı və qisas alınmalıdır. Onların imamımızın şəhid olmasına səbəb olan əməllərinə oxşar cavab vermək bizim haqqımızdır”.

Mövzunu şərh edən beynəlxalq hüquq üzrə ekspert Əlövsət Allahverdiyev Sherg.az-a bildirib ki, əgər bu sitat doğrudursa və rəsmi şəkildə səsləndirilibsə, bu, çox ağır və təhlükəli siyasi mesaj sayılır. Bununla belə ekspet hesab edir ki, bu cür bəyanatları qiymətləndirəndə iki məsələni ayırmaq lazımdır:

“Real əməliyyat niyyəti, yaxud siyasi-psixoloji ritorika nöqteyi nəzərindən. İranın siyasi sistemi xüsusilə böhran dövrlərində çox sərt, emosional və ideoloji bəyanatlarla çıxış edir. Keçmişdə də Donald Trump və ABŞ rəsmilərinə qarşı “qisas” çağırışları olub. Məsələn, Qasım Süleymani öldürüldükdən sonra mediada və bəzi dini-siyasi dairələrdə Trampa qarşı “mükafat” tipli çağırışlar səslənmişdi, lakin bunların rəsmi dövlət əməliyyatına çevrildiyi sübut olunmadı. Hazırkı vəziyyətdə də məncə ən real ehtimal budur ki, bu cür açıqlamalar daxili auditoriyanı mobilizə etmək, “qisas” narrativini diri saxlamaq, ABŞ və İsrailə psixoloji təzyiq göstərmək və İran daxilində sərt xətt tərəfdarlarını sakitləşdirmək məqsədi daşıyır”.

Ə. Allahveridyev hesab edir ki, Tehran ABŞ prezidentinə qarşı birbaşa sui-qəsdin nə demək olduğunu çox yaxşı anlayır:

“Bu, faktiki olaraq ABŞ-la açıq və çox genişmiqyaslı müharibə riskini kəskin artırardı. İran rəhbərliyi isə adətən “asimmetrik cavab” modelinə üstünlük verir. 

Bu strategiya əsasən regional proksi qüvvələrdən istifadə, kiberhücumlar, diplomatik təzyiq mexanizmləri, enerji və iqtisadi təhlükəsizlik üzərindən təsir imkanları, eləcə də məhdud və dolayı əməliyyatlarla xarakterizə olunur. Birbaşa ABŞ prezidentinin öldürülməsi isə artıq başqa səviyyədir.

Bununla belə, təhlükəni tam simvolik saymaq da düzgün olmaz. ABŞ təhlükəsizlik orqanları İran mənşəli mümkün təhdidləri illərdir ciddi qəbul edir. Xüsusilə yüksək emosional fon, radikallaşmış fərdi şəxslər və ya qeyri-rəsmi şəbəkələr fonunda “lone wolf” tipli risklər nəzəri olaraq həmişə mövcuddur. Ona görə də belə bəyanatlar ABŞ tərəfindən sadəcə “boş söz” kimi qəbul edilmir”.

Ekspertin fikrincə beynəlxalq hüquq kontekstində yanaşdıqda məsələ çox ciddidir: “Bir dövlət rəsmisinin başqa dövlətin liderinə qarşı açıq şəkildə “mükafat” və ya öldürmə çağırışı etməsi BMT Nizamnaməsinin ruhuna, dövlətlərin suveren bərabərliyi prinsipinə, diplomatik münasibətlərin əsas normalarına zidd hesab oluna bilər. Əgər bu çağırış dövlət siyasəti kimi qəbul edilərsə, ABŞ bunu terrora təşviq, dövlət tərəfindən zorakılığa çağırış, düşmənçilik aktı kimi interpretasiya edə bilər. Bu isə yeni sanksiyalar, diplomatik təcrid, beynəlxalq təzyiq, hətta təhlükəsizlik doktrinalarında sərtləşmə ilə nəticələnə bilər.

Xüsusilə ABŞ-də prezidentə qarşı təhdidlər hüquqi baxımdan son dərəcə həssas məsələdir və federal təhlükəsizlik strukturları bunu prioritet təhlükə kimi qiymətləndirir. Digər tərəfdən, İran rəsmilərinin ritorikasında tez-tez maksimalist və ideoloji ifadələr olur. Ona görə analitik müstəvidə belə bəyanatları avtomatik olaraq “Tehran artıq əməliyyat qərarı verib” kimi dəyərləndirmək düzgün deyil. Daha çox “strateji qorxutma” və “siyasi mesaj” elementi üstün görünür”.