ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner İranla aparılan danışıqlar çərçivəsində iyunun 4-də Tennessi ştatındakı Ok-Ric Milli Nüvə Laboratoriyasında məsləhətləşmələr keçiriblər.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, Ok-Ricdə keçirilən görüş Vaşinqton və Tehran arasında razılaşmanın mütləq əldə olunacağı anlamına gəlməsə də, danışıqların son dərəcə ciddi mərhələyə keçdiyini göstərir.
“Ok-Ricdəki görüş sazişin mütləq baş tutacağı demək deyil. Lakin bu, danışıqların çox ciddi mərhələdə olduğunun və uğur qazanmaq şansının yüksək olduğunun göstəricisidir. Biz mümkün nəticəyə hazır olmaq istəyirik”, - deyə adı açıqlanmayan amerikalı rəsmi Axios-a bildirib.
Məqalədə qeyd olunur ki, Uitkoff və Kuşner Ok-Ricdə daha əvvəl Omanda İranla keçirilən danışıqlarda iştirak etmiş nüvə mütəxəssisləri ilə də görüşüblər.
ABŞ rəsmisinin sözlərinə görə, məsləhətləşmələr İranla mümkün razılaşmanın texniki tərəflərinin həyata keçirilməsini təmin edə biləcək əsas nüvə ekspertləri ilə aparılıb.