Trampın cəmi iki ay vaxtı qalıb: İran qarşıdurması artıq özünə qarşı işləməyə başlayıb - ANALİZ

İran avantürası amerikalıların cibinə zərbə vurur, respublikaçılar üçün risk yaradır

  • Sorğular göstərir ki, amerikalıların əksəriyyəti İranla qarşıdurmanı dəstəkləmir
  • Noyabr seçkiləri yaxınlaşdıqca amerikalılar üçün əsas siyasi arqumentlərdən biri yanacaqdoldurma məntəqələrində gördükləri qiymətlər olacaq

ABŞ Prezidenti Donald Trampın İranla bağlı siyasəti həm daxildə, həm də beynəlxalq arenada getdikcə daha çox müzakirə olunur. Vaşinqton və Tehran sülh sazişi üzrə danışıqlar apardıqlarını bəyan etsələr də, tərəflər vaxtaşırı məhdud hərbi zərbələr endirməklə bir-birini sınağa çəkməyə davam edirlər.

Bir neçə gün əvvəl Tramp İran mediasında dərc olunan mümkün razılaşma şərtlərindən narazılığını ifadə edərək Tehrana qarşı “çox güclü zərbə” endirə biləcəyi barədə xəbərdarlıq etmişdi. Lakin sonradan bu mövqeyindən geri çəkildi.

Bu arada ABŞ mətbuatında İranla sazişin bağlanmasına yaxın olunduğu barədə məlumatlar yayılıb. "Politico" nəşrinin yazdığına görə, yüksək vəzifəli amerikalı rəsmilər razılaşmanın yaxın perspektivdə əldə olunma ehtimalını 80-85 faiz səviyyəsində qiymətləndirirlər. Bununla belə, İranın nüvə proqramı ilə bağlı texniki detallarla əlaqədar danışıqların aylarla davam edə biləcəyi bildirilir.

Mənbələrin sözlərinə görə, əsas problem tərəflər arasında qarşılıqlı etimadın olmamasıdır. ABŞ İranla əvvəlki danışıqların gedişində hərbi əməliyyatlara başladığından, Tehran Vaşinqtonun niyyətlərinə ehtiyatla yanaşır.

Danışıqlarda hər iki tərəf öz maraqlarını təmin etməyə çalışır. ABŞ İranın iqtisadi sanksiyaların yumşaldılmasından əldə edəcəyi üstünlüklərin yalnız Vaşinqtonun tələb etdiyi nəzarət mexanizmləri yaradıldıqdan sonra qüvvəyə minməsini istəyir.

  • Trampın başladığı İran qarşıdurması artıq müəyyən mənada onun özünə qarşı işləməyə başlayıb. Hörmüz boğazının bağlanması nəticəsində yaranan qlobal enerji böhranı ABŞ iqtisadiyyatına da təsir göstərib. Neft və yanacaq qiymətlərinin artması respublikaçılar üçün siyasi riskləri artırır.

ABŞ-də keçiriləcək aralıq Konqres seçkiləri ərəfəsində benzin qiymətlərinin yüksək qalması Respublikaçılar Partiyasının mövqelərini zəiflədə bilər. Partiya strateqlərinin fikrincə, qiymətlərin sabitləşməsi üçün İranla sülh sazişinin əldə olunması və Hörmüz boğazının yenidən tam şəkildə gəmiçilik üçün açılması vacibdir.

Seçkilərə qədər iqtisadi vəziyyətin yaxşılaşması üçün Ağ Ev sentyabrın əvvəlindən gec olmayaraq Tehranla razılığa gəlməlidir. Bu isə Tramp administrasiyasına cəmi iki-iki ay yarım vaxt qoyur.

Sorğular göstərir ki, amerikalıların əksəriyyəti İranla qarşıdurmanı dəstəkləmir. Respondentlərin əhəmiyyətli hissəsi hesab edir ki, münaqişə onların maliyyə vəziyyətinə mənfi təsir göstərir və Tramp iqtisadi nəticələrin qarşısını almaq üçün kifayət qədər addım atmayıb.

Avropanın Rusiya ilə qarşıdurması da paralel aparılır. Avropa ölkələri Rusiyaya qarşı tətbiq olunan sanksiyalar və Ukraynaya genişmiqyaslı dəstək səbəbindən ciddi iqtisadi çətinliklərlə üzləşiblər. Bununla belə, Avropa siyasi dairələrində Rusiyanın təcrid olunması siyasəti hələ də dominant xətt olaraq qalır.

  • Məşhur amerikalı konservativ şərhçi Tucker Carlson isə Trampın İran siyasətini sərt tənqid edib. O bildirib ki, ABŞ prezidenti hər zaman ali baş komandan rolunun öhdəsindən gələ bilmir və danışıqlar aparmaq bacarığı barədə formalaşmış imic reallığı tam əks etdirmir.

Trampın “qısa müddətli əməliyyat” kimi təqdim etdiyi İran kampaniyası gözlənildiyindən daha mürəkkəb vəziyyət yaradıb. ABŞ prezidenti bunu Tehranın tələyə düşməsi kimi göstərməyə çalışsa da, reallıqda İranla kompromislərə getmək məcburiyyətində qalır.

Beləliklə hesab etmək olar ki, noyabr seçkiləri yaxınlaşdıqca amerikalılar üçün əsas siyasi arqumentlərdən biri xarici siyasət bəyanatları deyil, yanacaqdoldurma məntəqələrində gördükləri qiymətlər olacaq.