"Çünki islahatçı və mötədil qüvvələrin dəstəyi ilə hakimiyyətə gələn Pezeşkian, ABŞ üçün daha cəlbedici fiqurdur. Bir neçə hücum dalğasında onun sağ qalması da təsadüfi deyil”
ABŞ İran və İsrail arasında fevralın 28-dən etibarən başlayan müharibə şiddətli müstəvidə davam edir. ABŞ prezidenti Donald Trampın müharibə şəraitində verdiyi açıqlamalar hər kəsin diqqətini çəkməyə başlayıb. O, İranla danışıqlar apardığını iddia etsə də, qarşı tərəfin cavab atəşi ilə susdurulub. İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtonla birbaşa danışıqlar aparmadığını açıqlayıb.
Onun sözlərinə görə, ABŞ nümayəndələri ilə mesaj mübadiləsi danışıqlar hesab edilmir. Trampın hücumlarda həyatını itirən iranlı rəsmilərin yerinə gələn yeni şəxslərin daha yaxşı mövqe sərgilədiklərini açıqlaması, böyük rezonans doğurub. O, bununla İranda rejim dəyişikliyinin baş verdiyinə işarə edib. ABŞ dövlət katibi Marko Rubio isə İran daxilində “düzgün düşünən”, lakin bunu açıq şəkildə ifadə etməyən qüvvələrin varlığından danışıb. O, gələcək perspektivdə məhz həmin qüvvələrin hakimiyyətə gələcəyinə inandığını bildirib. Hazırda ABŞ ilə gizli danışıqlar aparan iranlı rəsminin kimliyi barədə müxtəlif fikirlər dolaşır.

Mövzu ilə bağlı sabiq deputat, Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsibli Sherg.az-a bildirib ki, İranda mühafizəkar-ideoloji qüvvələr heç vaxt ABŞ ilə danışıqlar aparmaz:
“Bu məsələdə, əvvəlcə İran parlamentinin sədri Məhəmmədbaqer Qalibafın adı çəkildi. Lakin o, bu arqumentlərə qəti şəkildə etirazını bildirərək, haqq mübarizəsində sonadək İranın yanında olacağını bəyan etdi. Fikrimcə, ABŞ prezidenti Donald Trampla gizli dialoq aparan şəxs İran prezidenti Məsud Pezeşkiandır. Çünki islahatçı və mötədil qüvvələrin dəstəyi ilə hakimiyyətə gələn Pezeşkian, ABŞ üçün daha cəlbedici fiqurdur. Bir neçə hücum dalğasında onun sağ qalması da təsadüfi deyil”.
Sabiq səfirin sözlərinə görə, mühafizəkar qüvvələr İranın faciəvi şəkildə dağıdılmasının mənasını dərk edə bilmirlər:
“Ona görə də, İranın hərbi potensialının dəfələrlə əzildiyinin şahidi olmuşuq. Hazırda ölkənin hərbi donanması, hava hücumundan müdafiə və aviasiya sistemləri tamamilə məhv olub. Bir tək, ölkənin quru qoşunları mümkün yerüstü əməliyyatlara görə hazır vəziyyətdə gətirilib. İranın taleyi ilə bağlı iki senari var. Birinci senari olaraq, Vaşinqton yalnız yerüstü əməliyyatla İrana daxil olmağa cəhd etsə, onların müqavimət zəncirini qıra bilməyəcək. İkinci senariyə görə, ABŞ və İsrailin birləşmiş hərbi qüvvələri quru, dəniz və hava vasitəsilə eyni anda hərəkətə keçərsə, İran ordusu yerlə-yeksan olacaq”.