Güclü dövlətlər hədəfdədir, İsrail regionda böyük qarşıdurma yaratmaq istəyir
Rəcəb Tayyib Ərdoğanın son açıqlamaları Türkiyənin regionda baş verən gərgin proseslərə münasibətini və geosiyasi mövqeyini açıq şəkildə ortaya qoyur.
İran ətrafında formalaşan ABŞ-İsrail xəttindəki qarşıdurma fonunda Türkiyə həm balanslı siyasət yürütməyə, həm də bölgədə sabitliyi qorumağa çalışan əsas aktorlardan biri kimi çıxış edir. Ukrayna müharibəsi ilə birlikdə geniş bir coğrafiyanın “alov halqasına” çevrildiyi bir dövrdə Türkiyənin özünü “sabitlik və sülh adası” kimi qorumaq strategiyası xüsusi əhəmiyyət kəsb edir.
Baş verənlər Türkiyənin həm Qərb, həm də region ölkələri ilə dialoq imkanlarını qorumasını zəruri edir. Bu kontekstdə Türkiyənin mövqeyi təkcə regional təhlükəsizlik baxımından deyil, həm də qlobal siyasi balansın qorunması baxımından diqqət çəkir.
Beynəlxalq siyasət üzrə ekspert Dr.Hüsamettin İnaç Sherg.az-a Türkiyənin dünyada baş verənlərə münasibətindən danışıb: 
"Ərdoğan açıqlaması ilə Türkiyənin İranla bağlı ABŞ-İsrail koalisiyasının başlatdığı müharibədə tutduğu mövqeyi aydın şəkildə ortaya qoydu. Ukraynanın və bölgənin alov halqasına çevrildiyi bir vaxtda Türkiyənin “sabitlik adası”, “sülh adası” kimi qorunması məsələsi ön plana çıxır.
İkinci bir məqam isə sülh səylərinə veriləcək dəstəkdir. Türkiyə “mediator” və ya “fasilitator” dediyimiz vasitəçi və asanlaşdırıcı rolunu ən yaxşı şəkildə yerinə yetirməlidir. Bunun üçün də hər iki tərəflə danışa bilməsi vacibdir. Bu baxımdan Türkiyə bir tərəfdən İsrailin imperialist, ekspansionist, qətliamçı və soyqırımçı kimliyinə vurğu edərkən, digər tərəfdən ABŞ-yə müəyyən mənada uzlaşma və ya ortaq bir müzakirə zəmini yarada biləcək imkan təqdim edir. Bu mənada Türkiyənin mövqeyi kifayət qədər düzgün və məqsədəuyğun geosiyasi istiqaməti özündə ehtiva edir. Çünki Türkiyə bir tərəfdən bu müharibəyə laqeyd qalmır, digər tərəfdən isə bu müharibənin bir hissəsinə çevrilməmək üçün əlindən gələni edir. Bildiyimiz kimi, Türkiyəyə indiyə qədər neçə raketlər atılıb və bunlar NATO qüvvələri tərəfindən zərərsizləşdirilib. Eyni zamanda Naxçıvana və Azərbaycana edilən hücumlar da baş verib və Türkiyə bu məsələdə Azərbaycana müəyyən tövsiyələr verib. Çünki Türkiyə və Azərbaycanın müharibəyə daxil olması yalnız İsrailin maraqlarına xidmət edən bir vəziyyət olardı".
Ekspertin sözlərinə görə İran mövcud rejimi ilə Türkiyəyə və ya Azərbaycana qarşı müəyyən səhvlər etmiş olsa da, hazırda məzlum və işğala məruz qalan tərəf kimi görünür:
"Bu kontekstdə Türkiyənin diqqət etməli olduğu ən mühüm məsələ İsrailin bölgədə mərkəzləşmiş unitar dövlətləri istəməməsidir. Yəni xalq hakimiyyətinə əsaslanan güclü dövlət strukturları İsrailin ekspansionist planlarına maneə yaradır.
Bu səbəbdən nə qədər güclü dövlət varsa, onları zəiflətmək və ya aradan qaldırmaq istiqamətində addımlar atılır. Türkiyə bunu bildiyi üçün bundan sonrakı mərhələdə İsrailin məhdudlaşdırılmasının sülh üçün ən vacib və zəruri addım olduğunu anlayır. ABŞ və xüsusilə Tramp da müəyyən mənada İsraili məhdudlaşdırmağa çalışır.
Çünki ABŞ-də geniş kütlələr arasında “Amerikanı yenidən böyük et” (MAGA) və “America First” kimi hərəkatlar artıq İsrailə qarşı ciddi narazılıq göstərməyə başlayıb. Onların fikrincə, İsrail bölgədəki mövqeyindən istifadə edərək ABŞ vergi ödəyicilərinin vəsaiti hesabına silahlanır və soyqırım həyata keçirir. Eyni zamanda ABŞ-nin maraqlarına zidd olaraq Körfəz ölkələrini və oradakı Amerika qüvvələrini hədəfə alır. Digər tərəfdən, Hörmüz boğazını bağlamaqla dünya iqtisadiyyatını çətin vəziyyətə salacaq addımlar atır. Bu baxımdan gələcək dövrdə İsrailin dayandırılması böyük əhəmiyyət daşıyır. Xüsusilə İranı təhrik edərək bəzi Körfəz ölkələrinə hücum etdirməsi də göstərir ki, İsrail regionda daha geniş qarşıdurma yaratmaq niyyətindədir".
Analitik vurğulayıb ki, İsrailin bu gün apardığı siyasətlər insanlığa qarşı cinayətdir:
"Türkiyə Prezidenti də məhz bu məqamlara diqqət çəkir. O, İsrailin təxribatlarına müsbət reaksiya verməkdən çəkinərək həm ABŞ-yə, həm də Trampa vəziyyəti ən doğru şəkildə izah etməyə çalışır.
Eyni zamanda Ərdoğan İranın ərazi bütövlüyünün qorunması və parçalanmadan mövcudluğunu davam etdirə bilməsi üçün mümkün qədər tez bir zamanda sülh sazişinin imzalanmasına nail olmağa çalışır".