- Azər Həsrət: "İlham Əliyev Qırğızıstanda yad qonaq deyil, ailənin üzvü kimi qarşılanır"
- "Sadır Japarov Azərbaycanla münasibətlərdə yeni səhifə açdı"
Ötən gün Prezident İlham Əliyevin xanımı Mehriban Əliyeva ilə Qırğızıstana səfərində türk milli ruhunda qarşılanması beynəlxalq mətbuatda əks-səda doğurub. Onların şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğızıstan Prezidenti Sadır Japarov xanımı ilə birlikdə qonaqları samimi ailə dostluğu səviyyəsində qarşılayıblar.
Qarşılanma mərasimində türk dünyasının ortaq rəmzləri xüsusi diqqət çəkib. Türk dünyasının zəngin irsini təcəssüm etdirən milli geyimli musiqiçilərin coşdurucu ifaları, ənənəvi yurd çadırları, milli oyunlar, at belində məğrur igidlər və Türk mifologiyasının azadlıq rəmzi olan qartallar tədbirə xüsusi təmtəraq qatıb. Mərasimdə çalınan “Yaşa, Azərbaycan!” mahnısı heç bir protokola ehtiyac qalmadan, ölkələrimiz arasındakı sarsılmaz dostluğu bütün dünyaya bir daha nümayiş etdirib.
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət Sherg.az-a bildirib ki, Prezident İlham Əliyevin türk milli dəyərlər ruhunda qarşılanması təsadüfi deyil:
“İlham Əliyev ailədən biridir. Qardaş Qırğızıstanda İlham Əliyevi özlərindən hesab edirlər. Dövlət başçımız hər zaman “Bizim ailəmiz Türk dünyasıdır” deyir. Türk dünyasının hər tərəfində də onun bu sözünü çox yüksək səviyyədə qəbul ediblər.
Ona görə də qardaş Qırğızıstanın prezidenti öz xanımı ilə birlikdə Azərbaycan Prezidentini və onun xanımını təmtəraqla və qardaşcasına qarşıladı. Bununla da dünyaya türklərin sarsılmaz bütövlüyü mesajı çatdırıldı. Yəni adət, ənənə, törə və əcdadlarımızdan qalan müqəddəs miras bu gün bizdən birlikdə addımlamağı, tarixi missiyamıza sahib çıxaraq gücümüzü vahid yumruq kimi birləşdirməyi tələb edir. Digər tərəfdən, İlham Əliyev bu gün qlobal miqyasda qəbul edilən, xüsusi nüfuz və nümunəvi liderlik keyfiyyətləri ilə seçilən dövlət xadimidir”.
Ona göstərilən dərin ehtiram və verilən yüksək dəyər təkcə Türk dünyası ilə məhdudlaşmır:
“Şübhəsiz ki, qardaş Qırğızıstan üçün belə nüfuzlu lideri qonaq etmək böyük şərəfdir. Azərbaycan xalqı üçün da böyük qürur mənbəyidir ki, Prezidentimiz hər bir qardaş ölkədə bu cür uca məqamla, doğmalıqla qarşılanır. Ümumiyyətlə, Prezident İlham Əliyevin bu səfəri bir daha bütün dünyaya Türk dövlətləri və xalqlarının bir-birinə qanla, ruhla, ortaq tarixlə bağlı olduğunu göstərdi. Bu sarsılmaz doğmalığın arasına heç bir qüvvə girə bilməz və biz bu birliyi hər zaman məğrurcasına dünyaya bəyan edirik. El misalında deyildiyi kimi, "Qardaşın, dostun gəlişi toy-bayramdır". Məhz buna görə də qardaş Qırğızıstanda Prezident İlham Əliyevin və birinci xanımın səfəri nel bayramı kimi, dərin doğmalıq və böyük təmtəraqla qarşılandı”.
Analitikin sözlərinə görə, Azərbaycanla Qırğızıstan arasındakı münasibətlər olduqca yüksək səviyyədədir:
“Bu da təsadüfi deyil. Prezident İlham Əliyev vəzifədə olduğu bütün dövr ərzində Qırğızıstanla hər zaman qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulmasında maraqlı tərəf kimi çıxış edib. Amma təəssüflər olsun ki, qardaş Qırğızıstanda bir qədər Türk dünyasına yad adamlar hakimiyyət başına gəldiyinə görə bu münasibətlərdə müəyyən axsamalar var idi. Hətta Qırğızıstan Azərbaycandakı səfirini belə geri çağırmışdı. Sadır Japarov prezident seçildikdən sonra Türk dünyasının, xüsusilə Azərbaycanın geostrateji çəkisini düzgün qiymətləndirərək, əlaqələri çox qısa bir müddətdə yoluna qoymağa başladı”.
A.Həsrət qeyd edib ki, Sadır Japarov dövlət başçısı kimi fəaliyyətə başlayan dərhal sonra gördüyü ilk işlərindən biri Azərbaycana səfir təyin etmək oldu:
“Təcrübəli diplomat, dəyərli dostumuz Kayrat Osmonalıyevin Azərbaycana səfir təyin olunması bu münasibətlərə böyük təkan verdi. O, qısa müddət ərzində Azərbaycanın ictimai-siyasi mühiti, dövlət strukturları ilə sıx təmaslar quraraq son dərəcə səmərəli fəaliyyət göstərdi. Fəal diplomatik missiyanın məntiqi nəticəsi kimi, məhz K.Osmonalıyevin səfirliyi dövründə, Bakıda böyük qırğız ədibi Çingiz Aytmatovun möhtəşəm abidəsi ucaldıldı. Yəni biz xalqlar olaraq iç-içəyik. Prezidentlərimiz dost, qardaşdırlar. Liderlərin ailəvi dostluğu münasibətlərə xüsusi istilik qatır. Şübhəsiz ki, doğma ailənin üzvünə çevrilmiş dəyərli qonağı məhz bu cür ehtiramla qarşılamaq lazımdı".