Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz - Hasan Oktay

  • "Azərbaycan, Ermənistan və Türkiyə birlikdə bölgədə kənar güclərin öz maraqlarını diktə etməsinə və prosesə hakim olmasına imkan verməməlidir”

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan ABŞ-nin Müstəqillik Günü münasibətilə İrəvanda keçirilən tədbirdə Cənubi Qafqazda sülh prosesi və regionun gələcək inkişaf perspektivləri barədə açıqlama verib. O bildirib ki, Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalardan sonra region yeni – sülh və sabitlik mərhələsinə qədəm qoyur.

Qriqoryan 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanan birgə bəyannaməni mühüm tarixi mərhələ kimi dəyərləndirib. Onun sözlərinə görə, bu sənəd yalnız iki ölkə üçün deyil, ümumilikdə bütün Cənubi Qafqaz üçün strateji əhəmiyyət daşıyır və ABŞ-nin fəal iştirakı ilə bölgədə yeni siyasi reallıq formalaşdırır. Erməni rəsmi həmçinin “Tramp marşrutu” adlandırılan nəqliyyat və əməkdaşlıq təşəbbüsünə də toxunub. O qeyd edib ki, bu layihə sülhün mühüm təminatlarından biri olmaqla yanaşı, region və qlobal səviyyədə nəqliyyat əlaqələrinin inkişafında vacib mərkəz rolunu oynaya bilər.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a bildirib ki, 10 noyabr atəşkəs razılaşmasından bəri beş il keçməsinə baxmayaraq, Azərbaycan və Ermənistan arasında hələ də yekun sülh sazişinin imzalanmaması bölgə ilə bağlı planları olan bütün dövlətləri buraya cəlb edib:

“Başda ABŞ olmaqla, Avropa İttifaqı, Rusiya və İran hər keçən gün bölgədə ya yeni qarşıdurma yaratmaq, ya da prosesi öz maraqları istiqamətində yönləndirmək üçün addımlar atırlar. ABŞ Prezidenti Donald Trampın ötən ilin avqust ayında irəli sürdüyü ilkin protokol da buna nümunə kimi göstərilə bilər. Bütün dövlətlər bir həqiqəti anlamaq istəmir: Azərbaycan və Ermənistan arasında sülh təmin olunmadan hər hansı nəqliyyat yolunun və ya dəhlizin açılması mümkün deyil. Bunun yolu Türkiyə, Ermənistan və Azərbaycan arasında üçtərəfli sülhün əldə olunmasından keçir. Bundan sonra qəbul ediləcək hüquqi və inzibati tənzimləmələr çərçivəsində Naxçıvana gedəcək nəqliyyat vasitələri üçün keçid üstünlüyü, rüsumsuz keçid və digər qaydalar müəyyən edilə bilər. Bunun xaricində, üçtərəfli sülh olmadan hər hansı başqa dövlətin nəzarətində olan bir dəhlizin açılması real görünmür”.

Analitik qeyd edib ki, hazırda bölgədəki qeyri-sabitlik artıq ciddi təhlükəyə çevrilmək üzrədir:

“Türkiyənin irəli sürdüyü əsas yanaşma Türkiyə, Ermənistan və Azərbaycan arasında ön şərtsiz üçtərəfli sülhün əldə edilməsi və sonradan müvafiq qayda və tənzimləmələrin həyata keçirilməsi – bölgədə davamlı sülh üçün ən məntiqli variant hesab oluna bilər. Digər tərəfdən, İran-ABŞ qarşıdurmasının nə vaxt başa çatacağı məlum deyil. Ukrayna böhranından sonra Rusiyanın bölgə ilə bağlı strateji planlarının davam edib-etməyəcəyi də qeyri-müəyyəndir. Məhz bu qeyri-müəyyənlik şəraitində Azərbaycan və Ermənistan heç bir ön şərt və xarici təzyiq olmadan, Türkiyə ilə birlikdə üçtərəfli sülhü reallaşdırmalı, bölgədə kənar güclərin öz maraqlarını diktə etməsinə və prosesə hakim olmasına imkan verməməlidir”.