Uğurlu siyasət - Azərbaycan güclənir...

Azərbaycan sosialyönümlü bir dövlətdir
Dövlət başçısının yürütdüyü siyasətin mərkəzində vətəndaş amili dayanır
  Prezident İlham Əliyev çox mühüm sərəncamlar imzaladı və sosial müavinətlər, təqaüdlər, maaşlar artırıldı. Sərəncamlar xalqımız tərəfindən də böyük sevinc və rəğbətlə qarşılandı. Bir daha ölkəmizdə vətəndaşların sosial rifahının daim dövlətin diqqət mərkəzində olduğunu bir daha təsdiq etdi. Dünyada baş verən böhrana baxmayaraq, Azərbaycanda sosial islahatlar uğurla davam edir. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçası olduğu üçün hazırda hər yerdə müşahidə olunan mənfi təsirə məruz qalıb. Ancaq hazırkı vəziyyət xalqımız üçün sosial layihələrlə, proqramlarla yüngülləşdirilir. İslahatlar eyni zamanda qlobal böhranın vətəndaşlara təsirinin azaldılması üçün də olduqca vacibdir.
  Millət vəkili Cavid Osmanov "Şərq"ə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş rifahı, ölkə əhalisinin sosial müdafiəsi dayanır. Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yürüdülən siyasət bir daha onu göstərir ki, Azərbaycan sosialyönümlü bir dövlətdir: "Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman Azərbaycan dövləti qarşısında duran ən prioritet məsələlərdən biridir. 2022-ci ilin dövlət büdcəsinin 46 faizinin məhz sosial sferaya yönəldilməsi bunu bir daha təsdiqləyir. Ümumilikdə son 5 il ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncam və fərmanlarına əsasən, 4 sosial paket qəbul edilib. 2023-cü ilin ilk günündən də gördük ki, ölkə başçısının sərəncamları ilə bir sıra təqaüdlərin, pensiyaların, əməkhaqlarının, sosial ödənişlərin artırılması istiqamətində mühüm addımlar atılır. Minimum əməkhaqlarının artırılması, şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğı da göz önündədir. Şübhəsiz, bu qərarlar vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılmasına mühüm töhfə verir. Bütün bunlar bir daha onu göstərir ki, dövlət başçısının yürütdüyü siyasətin mərkəzində vətəndaş amili dayanır. Bu da ilk növbədə vətəndaşlarımızın ləyaqətli həyat təminatına böyük töhfə verir. Dünyada mövcud olan iqtisadi böhrana, qarşıdurmalara rəğmən, Azərbaycan iqtisadi baxımdan güclənir. İqtisadi gücün artması da insanlarımızın sosial müdafiəsinin gücləndirilməsinə əlavə imkanlar yaradır".