Ukrayna cəbhəsindəki mənzərə Makronun təsvir etdiyi kimi deyil - Türk ekspert

  • Aydın Sezer: "Tramp bir neçə günə 180 dərəcə fərqli addım ata bilər"
  • "Bunların arxasında İngiltərənin və Qərb ölkələrinin, hətta NATO ölkələrinin olduğunu unutmamaq lazımdır"

Fransa Prezidenti Emmanuel Makron deyib ki, əvvəllər ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyaya qarşı müharibədə uduzacağına inanırdı, lakin tədricən fikrini dəyişdi. Makronun sözlərinə görə "Tramp hakimiyyətə gələndə Ukraynanın uduzacağını düşünürdü. Buna görə də tez bir sülhə nail olmaq istəyirdi". 

Fransa Prezidentinin Ukrayna ilə bağlı bu açıqlamaları müxtəlif siyasi qiymətləndirmələrə səbəb olub. 

Xarici siyasət üzrə türk ekspert Aydın Sezer Sherg.az-a Makronla razılaşmadığını deyib:

"Bunun altını cızıram. O, mövzunu həddindən artıq şəxsiləşdirərək güc balansını izah etməyə çalışır. Halbuki Trampla Putin arasında Ankarada üzərində razılığa gəlinmiş uzlaşma mövcud idi. Amerika Birləşmiş Ştatlarının son 3-4 aydır başı İran və Körfəzə qarışmışdı. Buna görə də Ukrayna cəbhəsindəki inkişaflar ikinci, üçüncü plana keçdi. Makronun son olaraq Ukraynanın PUA-SİHA hücumlarına, Moskvaya yönəlmiş hücumlara baxaraq müharibə ilə bağlı geniş mənalar çıxarması tamamilə siyasi xarakter daşıyır. Bu, Avropanın Ukraynanın arxasında, Rusiyanın isə önündə yer alan mövqeyini simvolizə edir. Makron sanki Trampı da bu işə daxil edirmiş kimi davranır.

Halbuki ötən həftə Trampın doğum günü münasibətilə keçirilən Tramp-Putin telefon danışığında tərəflər xüsusilə Ukrayna məsələsində Stiv Uitkoff və Kuşnerin yaxın zamanda Moskvaya gedəcəklərinə dair bir məsələdə də razılaşdılar. Buna görə də qarşıdakı günlərdə Uitkoff-Kuşner ikilisi yenidən Moskvada təmaslara başlayacaq".

Analitik qeyd edib ki, Ukraynanın PUA və SİHA, dron hücumları, Rusiyanın çox mühüm şəkildə nüfuz itirməsinə səbəb olur: 

"Bu, Moskvanın imicinə zərər vurur. Ancaq bunların arxasında İngiltərənin və Qərb ölkələrinin, hətta NATO ölkələrinin olduğunu unutmamaq lazımdır. Lakin Ukraynanın hücumlarında cəbhədən kənarda hədəf seçmədən hücumlar həyata keçirdiyi üçün, bir az da Qərb mediasının şişirtməsi ilə hadisələr fərqli təqdim olunur. Amma bu, Rusiyanın dörd bölgəni işğal və ilhaq etdiyi gerçəyini və cəbhədə irəlilədiyi gerçəyini dəyişdirmir". 

Ekspert vurğulayıb ki, Makronun açıqlaması siyasi və reallıqdan uzaqdır:

"Makronun Tramp adından danışması artıq çox vahiməli məsələdir. Bir neçə gün ərzində Tramp bununla bağlı 180 dərəcə dəyişkən addımlar ata bilər".