Yeni dünya düzəni əfsuslar olsun ki, müharibələr hesabına qurulur - Politoloqdan İDDİA

ABŞ - İran gərginliyi nüvə deyil, daha dərin geosiyasi səbəblərlə bağlıdır

ABŞ və İsrailin fevralın 28-də İrana hücumu ilə başlayan müharibə aprelin 7-də şiddətli xarakter almağa başladı. ABŞ prezidentinin İranı daş dövrünə qaytaracağı barədə bəyanatı müharibənin bitəcəyinə dair ümidləri puça çıxardı. Lakin bir gecədə meharibənin taleyi dəyişdi. Tərəflər, aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəldilər.

Ağ Evin mətbuat katibi Karolayn Levitt Tehranın ABŞ-yə daha əvvəl təqdim etdiyi sənəddən fərqlənən yeni plan layihəsi göndərdiyini açılayıb. Onun sözlərinə görə yenilənmiş plan, ABŞ-nin 15 bəndlik təklifi ilə uzlaşdırılacaq. Tərəflər öz maraqları naminə plan tərtib etsələr də bəzi məqamlar mübahisə obyektinə çevrilib. ABŞ Prezidenti Donald Tramp İranın uranın zənginləşdirilməsi fəaliyyətindən tamamilə imtina etdiyini bildirdi. İran parlamentinin spikeri isə Trampın bəyanatının əksinə olaraq uranın zənginləşdirilməsi hüququndan imtina etmədiklərini açıqladı. Tərəflər arasında bəzi məsələlərin mübahisəli qalması uzunmüddətli sülh razılaşmasının əldə olunmasına kölgə salır.

Mövzu ilə bağlı politoloq Əli Mustafa Sherg.az-a bildirib ki, uranın zənginləşdirilməsi məsələsinə görə tərəflərin mövqeləri fərqlidir:

“Ancaq bu məsələni həll etmək elə də çətin deyil. İran tərəfi dəfələrlə urandan yalnız dinc məqsədlər üçün istifadə edildiyini bildirib. ABŞ isə 60 faiz zənginləşdirilmiş uran ehtiyatlarını onlardan almaq niyyətindədir. Hətta bunu reallaşdırmaq üçün müəyyən cəhdlər də göstərilib. Əgər İran həqiqətən də urandan dinc məqsədlər üçün istifadə edirsə, bu halda 10 faiz onun üçün kifayət edəcək”. 

Politoloqun sözlərinə görə, təkcə nüvə proqramı ABŞ və İsrail kimi aktorların İrana qarşı hərbi müdaxilə qərarı verməsi üçün əsas sayıla bilməz:

“ABŞ ilə İran arasındakı gərginlik nüvə proqramı üzərindən təqdim olunsa da, bunun arxasında daha geniş geosiyasi və strateji faktorlar dayanır. Məsələnin kökü dərindir. Yeni dünya düzəni qurulur. Bu proses əfsuslar olsun ki, müharibələr hesabına həyata keçirilir. Dünya tədricən çoxqütüblü sistemə çevrilir. Hegemon dövlətlər artıq digər ölkələrə güc gələ bilmirlər. Məsələn Ukrayna ilə müharibəyə görə Rusiya təsir gücünü itirməyə başlayıb. Çox güman ki, bu proseslər mövcud dinamika çərçivəsində davam edəcək”. 

Ə.Mustafanın fikrincə, helə növbədə özlərini hegemon kimi aparan digər ölkələr də var:

“Zamanla dövlət kimi formalaşmamış aktorlar da ortaya çıxacaq. kürdlər uzun illərdir müxtəlif siyasi reallıqlar və regional güc balansı daxilində dövlətçilik ideyasını reallaşdırmaq istiqamətində mübarizə aparırlar. İkinci Dünya müharibəsindən sonra Almaniya, Yaponiya, İtaliya, Böyük Britaniya və Sovet İttifaqı kimi qlobal güc mərkəzi olanlar digər zəif ölkələrə asanlıqla təsir göstərə bilirdilər. Lakin həmin dönəmdəki zəif dövlətlər bu gün inkişaf etmiş ölkələrə çevriliblər”. 

Politoloq qeyd edib ki, müasir dövrdə inkişaf edən dövlətlər hegemon ölkələrin təsiri altında qalmaq niyyətində deyillər:

“Ona görə də beynəlxalq sistemin yenidən formalaşması prosesi davam edir. Adətən dünya savaşından sonra yeni düzən qurulurdu. İndi isə savaşlardan sonra mövcud beynəlxalq nizam dəyişməyə başlayır. Xüsusilə də regional savaşlar hegemon dövlətlərin "əjdaha imicini" sarsıdır. Rusiya-Ukrayna müharibəsi yeni dünya düzəninin formalaşması prosesinin əsas komponentlərindən biridir. ABŞ-İran-İsrail gərginliyi də bu transformasiyanın mühüm xəttini təşkil edir”.