Zəngilanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafı müzakirə olunur.
"Report"un Zəngilan rayonuna ezam olunmuş müxbiri xəbər verir ki, şəhərdə "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" ilə bağlı regional müşavirə keçirilir.
Tədbir Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə təşkil olunub. Müşavirədə dövlət proqramı çərçivəsində kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişaf perspektivləri, istehsal və emal imkanlarının genişləndirilməsi, eləcə də regionlarda bu sahələrin potensialından səmərəli istifadə məsələlərinin müzakirə olunacağı gözlənilir.
Ölkə başçısının tapşırığı ilə keçirilən müşavirədə Prezidentin köməkçiləri, aidiyyəti dövlət qurumlarının rəhbərləri, səlahiyyətli nümayəndələr, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, fermerlər, sahibkarlar və digər maraqlı tərəflər iştirak edəcəklər.
Qeyd edək ki, bu görüşlər Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il 25 may tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlarda əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə sistemli şəkildə təşkil edilir.